loading
Azərbaycan Kooperasiya Universiteti haqqında məlumat

Azərbaycan Kooperasiya Universiteti haqqında məlumat

Azərbaycan Kooperasiya Universiteti

           2001-ci ilədək Azərbaycan Kooperasiya İnstitutu

         Yaradıldığı il : 1964-cü il

         Dövlət Akkreditasıyası: ARTN-nin  13.07.2012-ci il tarixli 1361 saylı əmri -13.07.2017-ci ilədək müddətə.

         Lisenziya: ARTN-nin 15.03.2012-ci il tarixli 411 saylı əmri-15.03.2017-ci il tarixədək müddətə. Lisenziya № 071001, qeydiyyat №-si 137 15.03.2012.

          Azərbaycan Kooperasiya Universiteti ali təhsilin bütün səviyyələri üzrə geniş profilli  mütəxəssislər hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatları aparan çoxprofilli aparıcı qeyri-dövlət ali təhsil müəssisəsidir.

         Azərbaycan Kooperasiya Universitetinin əsası 1964-cü ildə qoyulmuşdur. Azərbaycan hökümətinin və Azərittifaqın İdarə Heyətinin müraciətinə əsasən keçmiş SSRİ Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı (Sentrosoyuz) İdarə Heyətinin 8 yanvar 1964-cü il tarixli qərarı ilə ilk dəfə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılaraq "Ticarətin iqtisadiyyatı" və "Əmtəəşünaslıq" ixtisasları üzrə tələbə qəbulu aparılmışdır.

         Bakı Tədris-Məsləhət Məntəqəsi keçmiş SSSRİ Sentrosoyuzu İdarə Heyətinin müvafiq qərarları ilə 1969-cu ildə MKİ-nun Bakı Qiyabi İqtisad fakültəsinə, 1974-cü ildə MKİ-nun Bakı filialına çevrilmişdir. 1975-ci ildə Sentrosoyuzun qərarı ilə filial MKİ-nun tərkibindən çıxarılaraq Ukraynanın Poltava Kooperativ İnstitunun tərkibinə verilmiş, 1990-cı ildə yenidən MKİ-nun tabeliyinə keçirilmişdir. Bu illərdə filialda 5 ixtisas üzrə, o cümlədən respublikada ilk dəfə "Kənd təsərrüfatı məhsulları tədarükünün iqtisadiyyatı və təşkili" ixtisası üzrə ali təhsilli mütəxəssis hazırlığı aparılmışdır.

         Respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 1992-ci il tarixli 8 saylı qərarı ilə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı filialı Azərittifaqın mülkiyyətinə verilmiş, Azərittifaq İdarə Heyətinin 19 mart 1993-cü il tarixli 31 saylı qərarı ilə həmin filialın bazasında müstəqil Azərbaycan Kooperasiya İnstitutu yaradılmış və Nizamnaməsi təsdiq edilmişdir. İnstitut yaradılarkən onun tərkibində 2 fakültə, 6 kafedra fəaliyyət göstərirdi.

          Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə 1997-ci ildən başlayaraq Universitetdə magistr hazırlığı həyata keçirilir.

          Azərbaycan Respublikasının Preizdenti, xalqımızın Ümummilli lideri Heydər Əliyevın 30 avqust 2000-ci il tarixli 391 saylı fərmanı ilə verilmiş tapşırığa müvafiq olaraq Azərittifaqın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə institutun profili genişləndirilərək 3 may 2011-ci ildə onun bazasında Azərbaycan Kooperasiya Universiteti yaradılmış, onun Nizamnaməsi 8 may 2002-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq Dövlət qeydiyyatı haqqında 46 nömrəli Şəhadətnamə verilmişdir.

         Azərbaycan Kooperasiya Universiteti yaradıldıqdan sonra onun maddi-texniki bazasının möhkəmləndirilməsi, professor-müəllim heyətinin tərkibinin yaxşılaşdırılması, kadr hazırlığı aparılan ixtisasların sayının genişləndirilməsi, təhsilin səviyyəsinin yüsəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılmışdır. Tədris korpusunun ümumi sahəsi 10500kv.mdir.

Bundan əlavə Azərittifaqın İdarə Heyətinin sədrinin 2011-ci il 16 avqust tarixli F-16 nömrəli sərəncamı ilə Bakı Biznes Kooperasiya Kollecinin 4-cü və 5-ci mərtəbələrindən Universitetin istifadəsinə 2000 (iki min) kv.m. tədris sahəsi ayrılmışdır.

Hazırda Universitetdə bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı aparılır.

         Universitetin 9 fakültəsində tələbələr 19 ixtisas üzrə Azərbaycan və Rus dillərində əyani və qiyabi formada təhsil alırlar. Universitetdə 26 kafedra, 50-dən artıq laboratoriya və fənn kabinetləri, 4 komputer laboratoriyası, 30 min nüsxədən artıq kitab fonduna malik olan kitabxana və oxu zalı, mətbəə, tibb məntəqəsi, idman zalı, iaşə müəssisəsi, kooperasiya muzeyi fəaliyyət göstərir.

          Təhsil alan tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasında 12 nəfər professor, 99 nəfər dosent və elmlər namizədi (fəlsəfə doktoru), 104 nəfər, baş müəllim və assistent çalışır. Tədrisin və dərsdənkənar hazırlığın təşkili 86 nəfərdən ibarət tədris - köməkçi heyət və tyutor xidməti tərəfindən həyata keçirilir.

         Azərbaycan Kooperasiya Universiteti MDB ölkələri Kooperasiya ali təhsil müəssisələri, eləcə də ABŞ, AFR, Türkiyə, Baltikyanı ölkələrin ali məktəbləri ilə sıx əməkdaşlıq edir. Təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə bu təhsil müəssisəsi 1998-ci ildə ABŞ-nın Beynalxalq Marketinq İnstitutunun "Qran-pri" mükafatına layiq görülmüşdür.

         Universitetin Türkiyə, Rusiya, Belorus, Ukrayna, Moldova, Latviya, Litva, Estoniya, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələri ilə müəllim-tələbə mübadiləsi haqqında müqavilə öhdəlikləri vardır.

          2009-cu ildə "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunduqdan sonra 21 yanvar 2011-ci il tarixdə Respublikası Nazirlər Kabineti tərəfindən "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin  təsdiq olunması ilə əlaqədar olaraq Azərbaycan Kooperasiya Universitetinin yeni Nizamnaməsi qəbul edilərək 7 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınmışdır.

         Hazırda Azərbaycan Kooperasiya Universitetində "Qiyabi" şöbə də daxil olmaqla aşağıdakı  9 fakültə, Doktorantura  və Magistratura şöbəsi fəaliyyət göstərir:

         1 - "İqtisadiyyat"

         2 - "Dünya iqtisadiyyatı və kommersiya"

         3 - "İdarəetmə"

         4 - "Maliyyə"

         5 - "Mühasibat uçotu və sənayenin təşkili"

         6 - "Marketinq və menecment"

         7 - "Ekspertiza və texnologiya"

         8 - "Pedaqoji"

         9 - "Qiyabi" şöbəsi

         10 - "Magistratura" şöbəsi

         11. "Doktorantura" şöbəsi

          1. "İqtisadiyyat" fakültəsinə iqtisad elmləri namizədi, dosent İbrahimov Elşən Əli oğlu  rəhbərlik edir. Fakültəyə "Gömrük işinin təşkili", "İqtisdiyyat və vergi işi " və "Riyaziyyat"  və "Mülki müdafiə və həyat fəaliyyətinin təhlükəsizliyi" kafedraları daxildir. Fakültədə "İqtisadiyyat",  ixtisası üzrə kadr hazırlanır.

            2. "Dünya iqtisadiyyatı və kommersiya" fakültəsinə i.e.n., Nəbiyev Məmməd Allahverdi oğlu rəhbərlik edir. Fakültəyə "Dünya iqtisadiyyatı" ,  "İnformatika" və "Xarici-dillər" kafedraları daxildir. Fakültədə aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır. "Dünya iqtisadiyyatı" və "Kommersiya".

         3. "İdarəetmə" fakültəsinə dosent Kərimov Nadir Tofiq oğlu rəhbərlik edir. Fakültəyə "Biznesin təşkili, dövlət və bələdiyyə idarəetməsi", "İqtisadi nəzəriyyə" və "Hüquq" kafedraları daxildir. Fakültədə "Biznesin idarə edilməsi" və "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasları üzrə kadr hazırlanır.

         4. "Maliyyə" fakültəsinə dosent Aynur Əsəd qızı Dilbazova rəhbərlik edir. Fakültəyə "Maliyyə", "Pul tədavülü və bank işi" və "Tarix" kafedraları daxildir. Fakültədə "Maliyyə" və ixtisası üzrə ali təhsilli kadrlar hazırlanır

         5.  "Mühasibat uçotu və sənayenin təşkili" fakültəsinə i.e.n., dosent Qafarov Nizami Cəlal oğlu rəhbərlik edir. "Mühasibat uçotu və audit", "Sənayenin və aqrar sahənin iqtisadiyyatı" və "Statistika" kafedraları daxildir. Fakültədə "Mühasibat uçotu və audit" və "Sənayenin təşkili və idarə olunması" ixtisasları üzrə kadr hazırlanır.

6. "Marketinq və menecment" fakültəsinə i.e.n., dosent Nağıyeva Vüsalə Yavər qızı rəhbərlik edir. Fakültəyə "Marketinq və turizm xidməti", "Menecment və ticarət", "Ekologiya və coğrafiya" kafedraları daxildir.   Fakültədə "Marketinq", "Menecment", "Ekologiya" və "Coğrafiya" ixtisasları üzrə kadr hazırlanır.

          7. "Ekspertiza və texnologiya" fakültəsinə i.f.d., dosent Hüseynov Möhübbət Musa oğlu rəhbərlik edir. Fakültəyə "Əmtəəşünaslıq və ekspertiza", "Standartlaşdırma və texnologiya" və "Ümumtexniki fənlər" kafedraları daxildir. Fakültədə "Qida məhsullarının mühəndisliyi", "Çoxişlənən malların texnologiyası mühəndisliyi", "İstehlak mallarının ekspertizası və marketinqi" və "Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi" ixtisasları üzrə kadr hazırlanır.

          8. "Pedaqoji" fakültəyə t.e.n., dosent Əliyev Zakir Murtuz oğlu rəhbərlik edir. Fakültəyə "Tərcümə", "Tətbiqi riyaziyyat " və "Fəlsəfə və psixologiya" kafedraları daxildir. Fakültədə "Riyaziyyat" və  "Tərcümə (İngilis-dili)" ixtisasları üzrə kadr hazırlanır.

         9. "Qiyabi" şöbəyə i.e.n., dosent Hüseynov Xanoğlan Əndəlif  oğlu rəhbərlik edir. Qiyabi şöbədə 12 ixtisas üzrə kadr hazırlanır.

         10. "Magistratura" şöbəsinə f/r.e.d., dosent Nəbiyev Əmiraslan Məhəmmədəli oğlu rəhbərlik edir. Şöbədə 6 ixtisas və 12 ixtisasalma üzrə kadr hazırlığı aparılır.

          11. "Doktorantura" şöbəsinə i.e.n., dosent Kərimov Elsevər Nəriman oğlu rəhbərlik edir. Şöbədə Fəlsəfə doktoru proqramları üzrə doktorantura və dissertantura fəaliyyət göstərir

         Azərbaycan Kooperasiya Universitetində hazırda 3500 nəfərdən çox tələbə təhsil alır.

           Universitetin tədris korpusunun ümumi sahəsi 10500kv.m təşkil edir. Burada 50-dən çox fənn və tədris laboratoriyaları, 4 komputer texnologiyaları laboratoriyası, mətbəə, tibb məntəqəsi, idman zalı, kooperasiya muzeyi, kitabxana, oxu zalı və s vardır.

           Universitetdə təhsil əyani və qiyabi formada olmaqla Azərbaycan və Rus dillərində həyata keçirilir. "Doktorantura" və "Magistratura" şöbəsi fəaliyyət göstərir.

         Azərbaycan Kooperasiya Universitetinə i.e.d., professor, Millət vəkili  Eldar Allahyar oğlu Quliyevrəhbərlik edir.

           Rektor Eldar Quliyev 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnsitutunu (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmişdir. 1973-1987-ci illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışmış, 1981-1985-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspirantı kimi elmi-tədqiqat işi ilə məşğul olmuşdur.

         1993-cü ildən Azərittifaqın İdarə Heyətinin sədri, Azərittifaq Şurasının Prezidentidir.

          İqtisad elmləri doktoru, professor E. A. Quliyev çoxsaylı dərslik və  dərs vəsaitinin, 60-dan artıq monoqrafiya və elmi məqalənin müəllifidir. Professor Eldar Quliyev 01 avqust 2011-ci il tarixdən universitetə rəhbərlik edir.

        Eldar Quliyev İkinci, Üçüncü, Dördüncü və Beşinci  çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Hazırda Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavinidir. 2011-ci ilin yekunlarına əsasən 25 dekabr 2012-ci ildə Türk Dünyası Araşdırmaları Beynalxalq Elmlər Akademiyası tərəfindən "Türk dünyasında ilin millət vəkili" mükafatına layiq görülmüşdür.

           Türk Dünyası Araşdırmaları Beynalxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmlər Akademiyasının, İtaliya Beynalxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, Roma şəhərinin "Fəxri alimi" adına layiq görülmüşdür. Türk Dünyası Araşdırmaları Beynalxalq Elmlər Akademiyası tərəfindən "Qızıl Ulduz" medalı və "Atatürk Beynalxalq Mükafatı", Birləşmiş Millətlər Təşkilatının Təltif komitəsi tərəfindən "Taclı xidmət" ordeni, Avropa Təbiət Elmləri Akademiyası tərəfindən "Senator Ulduzu" ordeni ilə təltif olunmuşdur.

         Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2011-ci il tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

         Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmiş ilk rektorlar

         1. Quluzadə Mahmud Məmməd oğlu - i.e.n., dosent (1992-1994-cü illər) - 22 dekabr 1938-ci ildə Tovuz rayonunun "Pələkli" kəndində anadan olub. 1967-ci ildə ADU-nun "İqtisadiyyat" fakültəsini bitirib. Həmin ildən 1992-ci ilədək Azərbaycan Xalq Təsərrüfatı İnstitunun dosenti işləyib. 1972-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. Hal hazırda,  Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir.

           2. Gənciyev Gəncəli Əziz oğlu - i.e.d., professor (1994-1995 - ci illər) - 19.02.1942-ci ildə Astara şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. 1994-cü ilədək Azərbaycan Elmlər Akademiyasının "İqtisadiyyat" İnstitutunda şöbə müdiri işləmişdir. Çoxlu sayda doktorant və dissertantların elmi rəhbəri olmuş, 10-dan çox monoqrafiya, dərslik, dərs vəsaiti və proqramın müəllifidir. Hal-hazırda AKU-nun "Dünya iqtisadiyyatı"  kafedrasının müdiridir.

          3. Quliyev Firəddin Murtuza oğlu -  dosent (1996-2000-ci illər) - 26 fevral 1938-ci ildə Füzuli rayonunun Aybasanlı kəndində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin "İqtisadiyyat" fakültəsini "Mühasibat uçotu" ixtisası üzrə bitirmişdir. Həmin ildən 1995-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetində dekan və kafedra müdiri vəzifəsində işləmişdir. Çoxlu sayda aspirant və dissertantlara elmi rəhbərlik etmiş və xeyli elmi əsərləri vardır. 2005-ci ildə vəfat etmişdir.

          4. Zülfüqarov Eldar İslam oğlu - f/r.e.d., professor, (2000-2011-ci illər) - 1954-cü il mayın 1-də Şəmkir rayonunda anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1977-1990-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Radiasiya problemləri" İnstitunda işləmiş, 1986-cı ildə namizədlik və 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2012-ci ildə vəfat etmişdir.

   Prorektorlar:

         1. Bəyalı Xanalı oğlu Ataşov - i.e.d., professor, Elmi işlər üzrə prorektor

         2. Fikrət Vəli oğlu Quliyev - i.e.n., dosent, Tədris işləri üzrə prorektor

         3. Tahir Şükür oğlu Şükürov - i.e.n., dosent, Ümumi işlər üzrə prorektor

      4. Abdulla Hüseyn oğlu İsayev - f/r.e.d., professor  Tərbiyə işləri və beynəlxalq əlaqələr üzrə prorektor.



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz