loading
Elmi işlər üzrə prorektor Ataşov Bəyalı Xanalı oğlu

Elmi işlər üzrə prorektor Ataşov Bəyalı Xanalı oğlu

Ataşov Bəyalı Xanalı oğlu Azərbaycan Kooperasiya Universitetinin elmi işlər üzrə prorektoru, iqtisad elmləri doktoru, professor, Əməkdar Elm Xadimi

 

  

 16 iyul 1946 - cı ildə anadan olmuş, 1964 - cü ildə 34 saylı İmişli dəmir yolu orta məktəbi, 1970 - ci ildə D. Bünyadzadə ad. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) uçot – iqtisad fakültəsini bitirmişdir.

 1970-1974-cü illərdə (hərbi xidmətdə olduğu 1 il istisna olmaqla) yaşadıqları İmişli rayonu Həzi Aslanov ad. kolxozda baş mühasib işləmişdir.  1975–1987–ci illərdə respublikanın Ət və Süd Sənayesi Nazirliyinin qabaqcıl sənaye müəssisələrində rəhbər vəzifələrdə çalışmışdır.

 1987 - ci ilin mart ayından hal- hazıra kimi Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) sistemində işləyir. Burada Ət tədarükü və satışı üzrə respublika kontorunda direktor, mərkəzi aparatın kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və satışı üzrə birlikdə baş direktor, xarici ticarət birliyində baş direktor, maliyyə - iqtisad idarəsində rəis vəzifələrində çalışmışdır. 2011–ci ilin avqust ayından indiyə kimi Azərbaycan Kooperasiya Universitetinin elmi işlər üzrə prorektorudur.

 Zəngin maliyyə - uçot, istehsalat və təşkilati - idarəetmə təcrübəsinə malik olan, gənc yaşlarından elmi axtarışlara böyük maraq göstərən praktik - tədqiqatçı B. X. Ataşov 1989 - cu ildə “Azərbaycan Respublikasında ət - süd sənayesinin inkişafı” mövzusunda namizədlik, 2002 - ci ildə isə “Azərbaycan Respublikası ərzaq kompleksinin formalaşmasının və inkişafının təşkilati - idarəetmə problemləri” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarları ilə ona dosent və professor elmi adları verilmişdir.

 Müstəqil Azərbaycanda ərzaq kompleksinin inkişafı və ərzaq təhlükəsizliyi problemlərini araşdıran ilk tədqiqatçılardandır. Doktorluq dissertasiyasında irəli sürülmüş təklif və tövsiyələri vaxtilə beynəlxalq təşkilatların iştirakı ilə respublikamızın aqrar bölməsində həyata keçirilmiş “Kənd təsərrüfatında regional islahatlar”, “Özəlləşdirilmiş kənd təsərrüfatı müəssisələrinin təşkili”, “Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi” kimi pilot layihələrdə qismən istifadə edilmişdir.

 Uzun müddət elmi - pedaqoji fəaliyyətini Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə” kafedrasında davam etdirən, həmçinin bir sıra elm ocaqları ilə sıx əməkdaşlıq edən B.X.Ataşov 6 monoqrafiyanın, ali məktəblər üçün 5 dərslik və dərs vəsaitlərinin, çoxsaylı tədris proqramları, metodik göstərişlər və tövsiyələrin, 110 – dan artıq elmi məqalələrin müəllifidir.

 Gənc iqtisadçı alimlərin yetişdirilməsində və hazırlanmasında fəal iştirak edən B.X.Ataşov Azərbaycan İqtisadçılar İttifaqının, Azərbaycan Kooperasiya Universitetinin elmi şurasının və Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyaların müdafiəsini keçirən FD.04.013 birləşdirilmiş şuranın üzvüdür.

 2006–2010–cu illərdə Azərbaycan Elmi – Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu nəzdində fəlsəfə və elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ixtisaslaşdırılmış Şuranın üzvü olmuşdur.

 30 illik elmi – tədqiqat və elmi – pedaqoji staja malik B.X.Ataşovun bilavasitə elmi rəhbərliyi altında indiyə kimi 15 nəfər iddiaçı iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişlər. Hazırda 1 nəfər elmlər doktoru elmi dərəcəsi iddiasında olan dissertantın elmi məsləhətçisi, 7 nəfər fəlsəfə doktoru elmi dərəcəsi iddiasında olan doktorant və dissertantların elmi rəhbəridir. Bunlardan 3 nəfərin dissertasiyaları müdafiə ərəfəsindədir. O həmçinin 30 nəfərdən çox magistrin dissertasiya işlərinin elmi rəhbəri olmuşdur.

 Bundan əlavə, digər iddiaçılar tərəfindən müxtəlif illərdə müdafiəyə təqdim edilmiş xeyli sayda namizədlik (fəlsəfə doktoru) və doktorluq dissertasiyalarının rəsmi opponenti və rəyçisi olmuş, bir sıra monoqrafiya, dərslik və dərs vəsaitlərinin, tədris proqramlarının hazırlanıb nəşr edilməsində elmi redaktor və rəyçi kimi iştirak etmişdir.

B.X.Ataşovun vaxtilə elmi rəhbəri, elmi məsləhətçisi və opponenti olduğu gənc alimlərin böyük bir qismi hal-hazırda ölkəmizin müxtəlif nüfuzlu elm ocaqlarında elmi – pedaqoji fəaliyyətlərini uğurla davam etdirirlər.

 Son 20 ilə yaxın bir müddətdə çalışdığı Azərbaycan Kooperasiya Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində mütəmadi olaraq tələbələrin Buraxılış Yekun Dövlət Attestasiyası Komissiyasının sədri və üzvü olmuşdur.

 “Maliyyə” kafedrasının professoru qismində tədris metodikasının incəliklərinə dərindən bələd olan B.X.Ataşovun bakalavrlara və magistrlərə ixtisas fənləri üzrə oxuduğu mühazirələri, keçirdiyi məşğələ dərslərini dinləyicilər həmişə maraqla qarşılayıblar.

 Bir mütəxəssis kimi Təhsil Nazirliyi tərəfindən ölkənin ali təhsil müəssisələrinin akkreditasiyası yoxlamalarına da zaman – zaman cəlb edilir.

 Azərbaycan Kooperasiya Universitetinin təsisçi olduğu və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilmiş “Kooperasiya” elmi – praktik jurnalının baş redaktorunun müavini kimi də onun səmərəli fəaliyyəti qeyd olunmalıdır.

 Dövrü mətbuatda, eləcə də müxtəlif səviyyələrdə keçirilən respublika və beynəlxalq elmi - praktik konfranslarda, simpoziumlarda, seminarlarda ölkəmizin iqtisadiyyatının aktual problemlərinə dair müntəzəm olaraq maraqlı ideya və təkliflərlə çıxış edir. “Qızıl qələm” mükafatı laureatıdır. 19 yanvar 2010 – cu ildən “Azərittifaq”ın idarə heyətinin üzvüdür.

 1970 - ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə V. İ. Leninin anadan olmasının 100 - illiyi münasibətilə “Əmək rəşadətinə görə” yubiley medalı, 2006 - cı ildə İyirminci çağırış “Azərittifaq” Şurasının dördüncü yığıncağının qərarı ilə “Azərbaycan Respublikasının Kooperasiya əlaçısı” adı, 18 noyabr 2014 – cü ildə Azərbaycan Kooperasiya Universitetinin 50 – illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə respublikamızda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.  

  “Azərittifaq” sistemində uzunmüddətli səmərəli əmək və elmi – pedaqoji fəaliyyəti, ali təhsilli mütəxəssis kadrların və iqtisadçı alimlərin hazırlanmasında xidmətləri və anadan olmasının 70 illiyi nəzərə alınaraq Azərittifaqın idarə heyətinin 18 iyul 2016 - cı il tarixli 33 saylı qərarı ilə “Fəxri kooperator” döş nişanı ilə təltif edilmişdir. 

 Anadan olmasının 70 illik yubileyi münasibətilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2016–cı il tarixli sərəncamı ilə “Əməkdar Elm Xadimi” fəxri ada layiq görülmüşdür.

 1982 - 1986 - cı illərdə İmişli şəhər və Bakı şəhəri Nərimanov rayon xalq deputatları sovetlərinin deputatı olmuşdur.

 İngilis dilini lüğətlə tərcümə edir, azərbaycan, rus və türk dillərini sərbəst bilir.

 Ailəlidir, iki oğlu və dörd nəvəsi var.

 

 Yaşadığı ünvan: AZ1031, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi 4 “c”. Telefonlar: mob. (050) 317-84-67, ev (012) 514-80-16, iş (012) 562-25-43



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz