loading
Azərbaycan Kooperasiya Universitetində 2016/2017-ci dərs ili birinci yarımilinin başa çatması və payız semestri imtahan sessiyasının təşkili məqsədilə rektorun əmri

Azərbaycan Kooperasiya Universitetində 2016/2017-ci dərs ili birinci yarımilinin başa çatması və payız semestri imtahan sessiyasının təşkili məqsədilə rektorun əmri

   Azərbaycan Kooperasiya Universitetində 2016/2017-ci dərs ili birinci yarımilinin başa çatması haqqında  

  Azərbaycan Kooperasiya  Universitetində 2016/2017-ci dərs ili birinci yarımilinin başa çatması və payız semestri imtahan sessiyasının təşkili məqsədilə

                                                                   ƏMR  EDİRƏM:

1.Universitetdə təhsilin bakalavriat və magistratura səviyyələrində  2016/2017-ci dərs ilinin birinci yarımili  2016-cı ilin 28 dekabr tarixində başa çatsın/

2.  Univertsitetdə payız semestrinin qış imtahan sessiyasının müddəti 2016-cı il dekabrın 29-dan  – 2017-ci il   fevralın 01-dək müəyyən edilsin.

3. Tələbələrə 2017-ci  il fevralın 2-dən  15-dək qış tətili verilsin.

4.Univertsitetdə 2016/2017-ci tədris ili ikinci yarımilinin nəzəri dərs məşğələlərinə 2017-ci il fevralın 16-da başlanılsın.

5.Bakalavriat səviyyəsinin buraxılış kursunda (əyani) ikinci yarımilin nəzəri dərs məşğələləri 2017-cı il aprelin 26-da başa çatsın,  yaz semestrinin yay imtahan sessiyası aprelin 27-dən mayın 17-dək,  diplomqabağı istehsalat təcrübəsi (əyani, qiyabi) mayın 18-dən iyunun 14-dək,hesabatın müdafiəsi iyunun 15-dən 19-dək,  Buraxılış Yekun Dövlət  Attestasiyasının müddəti iyunun 20-dən iyulun 5-dək müəyyən edilsin.

6.Magistratura səviyyəsinin buraxılış kursunda 4 həftəlik (6 kredit) Elmi - pedaqoji təcrübənin keçirilmə müddəti 2017-ci il fevralın16-dan martın 15-dək,  Dissertasiya işlərinin hazırlanması martın 16-dan mayın 17-dək, Dissertasiya işlərinin müdafiəsi mayın 18-dən iyunun 07-dək   müəyyən edilsin.

7. İmtahanda tələbənin biliyinin qiymətləndirilməsi mövcud “Əsasnamə”nin 3-cü bəndinin tələbləri gözlənilməklə imtahan biletləri əsasında, yazılı formada həyata keçirilsin.

8. Tapşırılsın kafedra müdirlərinə:

8.1. İmtahanların  mövcud “Əsasnamə”nin tələblərinə  uyğun tərtib edilmiş imtahan biletləri əsasında, yazılı formada keçirilməsini təmin etsinlər;

8.2. İmtahan biletləri suallarının  fənnin proqramı əsasında hazırlanmasını təmin etsinlər;

8.3. İmtahanlara hazırlaşmaq üçün ayrı – ayrı fənlər üzrə imtahan suallarının əvvəlcədən tələbələrə  paylamasını əsas nüsxənin və fənnin proqramının, kafedranın “Metodiki guşə”sində yerləşdirilməsini təmin etsinlər;

8.4.Yenidən işlənməsinə ehtiyac olan imtahan biletlərinin yeniləşdirilib müvafiq qaydada kafedra iclasında müzakirə və təsdiq etsinlər;

8.5. Kafedranın cədvəli üzrə tələbələr üçün məsləhət saatları təşkil etsinlər;

8.6.İmtahanlarda tələbələrin biliyinin obyektiv qiymətləndirilməsini və imtahanların şəffaf keçirilməsini təmin etsinlər;

8.7. Fənn kabineti və tədris laboratoriyalarının imtahan sessiyasına hazırlığını təmin etsinlər;

8.8.Ümumi real orta balı 71 – 90 (yaxşı-C) və ondan yuxarı, ixtisas kafedrasının tövsiyyəsi və  buraxılış işi yazmaq üçün müraciət  edən tələbələrə mövzu və rəhbər təyinatı  barədə təqdimatı 2017-ci il  yanvarın 10-dək  rektorun təsdiqinə təqdim etsinlər;

8.9. Diplomqabağı istehsalat təcrübəsi obyektləri və rəhbərlərin bölgüsünü 2017-ci il 10 may tarixinədək “İstehsalat təcrübəsi” şöbəsinə təqdim etsinlər;

8.10.Yerinə yetirilmiş kurs işləri və istehsalat təcrübəsi hesabatlarının kafedrada saxlanmasını və cari qiymətləndirmədən sonra onların saxlanma imkanlarının məhdudluğu,  köçürmə və  digər neqativ halların qarşısını almaq məqsədilə sessiya başa çatdıqdan sonra növbəti semestrdə kafedra tərəfindən aktlaşdırılaraq ləğvini təmin etsinlər;

9. Tapşırılsın fakültə dekanlarına ki,  kafedra müdirləri ilə birlikdə:

9.1. Tələbələrin  imtahan sessiyasına hazırlığı ilə bağlı  tədris- metodiki  izahat işləri aparılmasını təmin етsinlər;

9.2.Tələbələrə hər bir imtahana hazırlaşmaq üçün 2 gündən az olmayaraq vaxt ayrılmasını təmin etsinlər;

9.3. Üzürlü səbəbdən imtahanda iştirak etməyən tələbələrə  mövcud qaydada növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı vermək üçün  şərait yaratsınlar;

9.4. İmtahanların obyektiv və şəffaf keçirilməsi, həmçinin tələbələrin imtahanlara  vaxtında gəlməsini təmin etsinlər;

9.5.İmtahan cədvəllərinin akademik qrup və kafedraların təklifləri  nəzərə alınmaqla sessiyaya ən azı 15 gün qalmış tərtib edib  tədris işləri üzrə prorektorun təsdiqinə təqdim etdinlər;

9.6. İmtahan sessiyası dövründə tələbələrin mədəni - kütləvi tədbirlər keçirməsinin dayandırılmasını təmin etsinlər;

9.7. İmtahan sessiyasının nəticələri haqqında məlumatı  (müəyyən edilmiş forma üzrə) 2017-ci il   fevral ayının 15-dək  tədris hissəsinə təqdim etsinlər;

9.8. İmtahanlarda  hər hansı fəndən qeyri – müvəffəq qiymət alan və ya üzürsüz səbəbdən imtahanda iştirak etməyən tələbələrin  həmin fənni müəyyən edilmiş qaydada yay sessiyası və ya əlavə dərslərdə iştirak etməklə təkrar dinləndikdən sonra növbəti dəfə imtahan vermələrini (kredit qazanmalarını) təmin etsinlər;

9.9.Fənn üzrə ayrılmış auditoriya saatlarının müəyyən edilmiş həddən çoxunda  üzürsüz səbəbdən  iştirak etməyən və bu səbəbdən imtahana buraxılmayan tələbələrin,  həmin fənləri mövcud qaydalara uyğun olaraq yenidən dinlənməsi və kredit qazanmasına şərait yaratsınlar;

9.10. Cari tədris ilində qeydiyatdan keçməyən və semestrin sonunadək  Univertsitetlə əlaqə  saxlamayan tələbələr barədə müvafiq tədbirlər görülməsi üçün rektora təqdimat  verilməsini təmin etsinlər;   

9.11. İmtahanların obyektivliyini və şəffaflığını təmin etmək məqsədilə sessiya başlanana qədər hər bir fakültə üzrə dekanın sədrliyi ilə appelyasiya komissiyasının və  imtahan nəzarətçilərinin tərkibini hazırlayıb  tədris işləri üzrə prorektorun təsdiqinə versinlər;

9.12. İmtahan sessiyasınadək kollokviumların, açıq və qarşılıqlı dərslərin müvafiq cədvəllər üzrə vaxtında keçirilməsini təmin etsinlər;

9.13.Müəyyən edilmiş həddən az dərs buraxan və bu səbəbdən imrahana buraxılmayan tələbələr üçün müvafiq qaydada imtahan sessiyası və qış tətili dövründə əlavə dərslərin və imtahanların keçirilməsini təmin etsinlər;

9.14.İmtahanların cədvəl üzrə, mərhələlərlə səhər saat 900–dan 1800–dək keçirilməsini  təmin etsinlər;

10. Tapşırılsın tədris işləri üzrə prorektora (F.Quliyevə) və tədris şöbəsinə (A.Mirzəməmmədova):

10.1. İmtahan sessiyasının mövcud “Qaydalar”ın tələblərinə uyğun keçirilməsinə və tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinə  nəzarəti təmin etsinlər;

10.2. İmtahanların keçirilməsində  nizam – intizama və eləcə də onun gedişinə nəzarət etmək məqsədilə fənni tədris edən müəllim ilə birlikdə, həmin fənn üzrə mütəxəssis olmayan iki nəfər nəzarətçinin iştirakını təmin etsinlər;

10.3. İmtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra tələbələrdən “cavab” vərəqlərinin yığılmasını, onların məsul şəxs tərəfindən kodlaşdırılmasını və fənni tədris edən müəllim tərəfindən imtahan – nəzarət qərargahında yoxlanılaraq qiymətləndirilməsini təmin etsinlər;

10.4. İmtahan sessiyası prosesində baş verə biləcək münaqişələri aradan qaldırmaq üçün imtahan sessiyası başlanana qədər Universitet üzrə appelyasiya komissiyasının yaradılmasını, qaynar xəttin mövcudluğunu və imtahan – nəzarət qərargahının fəaliyyətini təmin etsinlər;

10.5. Tələbələrin imtahan – yazı işlərinin imtahan sessiyasından sonra   kafedrada bir semestr saxlanılmasını təmin etsinlər;

10.6. İmtahanların gedişinə, cədvəl üzrə keçirilməsinə və vaxtında başlanılmasına nəzarəti təmin etsinlər;

10.7. Kitabxana və oxu zalının sessiya dövründə ahəngdar işləməsinə nəzarəti təmin etsinlər;

10.8. İmtahan sessiyası dövründə Universitetin tədris korpusuna və imtahan keçirilən auditoriyaya kənar şəxslərin (rektorluğun nümayəndəsindən başqa) daxil olmasına yol verilməməsini təmin etsinlər;

 10.9.İmtahan nəticələrinin imtahan vərəqəsində və tələbənin fənn üzrə aldığı müsbət qiymətin (ballar və onların hərfi işarələri)  onun qiymət kitabçasında da yazılmasını təmin etsinlər;

10.10. İmtahan sessiyasının obyektiv və normal keçirilməsi üçün fakültələri və kafedraları müvafiq normativ sənəd blankları ilə təmin etsinlər;

11.Tərbiyə işləri və beynəlxalq əlaqələr üzrə prorektor (prof. A.İsayev) imtahan sessiyasının mütəşəkkil keçirilməsi,  daxili intizam qaydalarına ciddi əməl edilməsi, təhsil haqqının ödənilməsi, valideynlərin qəbulu və  imtahanlarda  iştirakı, tələbələrin appelyasiya şikayəti və appelyasiya komissiyasının  işinə nəzarəti təmin etsin.

12.Elmi işlər üzrə prorektor  (prof.B.Ataşov) təhsilin magistratura və doktorantura səviyyəsində cari dərs ilinin 1-ci yarımilində imtahan və elmi – tədqiqat işlərinin müvəffəqiyyətlə həyata keçirilməsinə nəzarəti təmin etsin,  Universitetin zəruri maliyyə ehtiyacları və onların ödənilməsi imkanıarını müəyyən edib rektora məlumat versin.

13. Təsərrüfat şöbəsi (Ə.Quliyev) və “Mühafizə və dispetçer xidməti” (M.Hüseynov) imtahan sessiyası gedişində tədris auditoriyalarının, kabinet və laboratoriyaların, həmçinin tədris – köməkçi sahə və otaqların  elektrik təminatı, yanğın və mühafizə təhlükəsizliyini, qızdırılmasını, tələbələrin Universitetin həyətində və binanın daxilində siqaret çəkməməsinə, gündüz və gecə gözətçilərinin işinə məsuliyyətin artırılmasına, kənar şəxslərin Universitet binasına icazəsiz girişi və çxışına nəzarəti təmin etsinlər.

14. İKT sektoru (R.Nağıyev) bu əmrin Universiettin elektron saytında yerləşdirilməsini, auditoriyalarda imtahan prosesinin gedişini və dəhlizlərdə kamera və video görüntülərinin izlənməsini təmin etsin.

15.Rektorun müşaviri (Q.Allahverdiyev) imtahan prosesinin gedişi, tələbələrin hər hansı şikayəti, təhsil haqqı və digər məsələlər barədə onların və valideynlərinin müraciətini qeydə alsın və rektora mütəmadi olaraq məlumat versin.

16. İmtahanların obyektiv keçirilməsini müşayət etmək istəyən valideynlərin şəxsiyyət vəsiqələri əsasında imtahan zallarına buraxılması təmin edilsin.

17.Ümumi işlər üzrə prorektor (T.Şükürov) və Daxili nəzarət xidmətinin rəhbəri (Z.Nazıyev) bu əmrdən irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

18.Ümumi şöbə (Z.Əliyeva) bu əmrin surətinin çoxaldılıb müvafiq struktur bölmə rəhbərlərinə paylanmasını təmin etsin.

19. Əmrin icrasına nəzarət  tədris işləri üzrə prorektora (F.Quliyevə) həvalə edilsin.

     

                     Rektor                                              prof. Eldar Quliyev



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz