• +994125616430
  • info@aku.edu.az
  • ...........................................Azərbaycan Kooperasiya Universiteti...............................................
  • .
  • .
  • .
Azərbaycan Kooperasiya Universitetində “Açıq qapı” günü təşkil olunmuşdur

Azərbaycan Kooperasiya Universitetində “Açıq qapı” günü təşkil olunmuşdur

Azərbaycan Kooperasiya Universitetində 2017/2018-ci tədris ilinin payız imtahan sessiyası ərəfəsində “Açıq qapı” günü təşkil olunmuşdur. “Açıq qapı” günündə universitetdə təhsil alan tələbələrin valideynləri, KİV və QHT nümayəndələri iştirak etmişdir. Universitetdə bu aksiyanı keçirməkdə məqsəd imtahanların şəffaf təşkilinin ictimaiyyət tərəfindən izlənilməsi və qiymətləndirilməsidir. Açıq qapı günündə iştirak edən qonaqlar universitetin "Marketinq və menecment", "Ekspertiza və texnologiya", "İqtisadiyyat" və "Pedoqoji" fakültələrində, eyni zamanda imtahan yoxlama mərkəzində imtahanların gedişini izlədilər. Qonaqlara imtahan zallarını təqdim edən Tədris işləri üzrə prorektor Fikrət Quliyev onları salamlayaraq bildirdi ki, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiya edilməsi ilə əlaqədar olaraq bütün imtahanlar yeni, mütərəqqi prinsiplər əsasında aparılır. Bu da öz növbəsində imtahanların keçirilməsində şəffaflığın təmin edilməsinə və tələbələrin biliyinin daha obyektiv qiymətləndirilməsinə imkan yaradır. “Universitetimizdə 2017/2018-ci tədris ilində payız imtahan sessiyasının keçirilməsi ilə əlaqədar onu qeyd etmək istərdim ki, bütün ali təhsil müəssisələrində olduğu kimi, bizdə də tədrisin təşkili və imtahanların keçirilməsi, ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrində kredit sisteminə əsaslanır. Təbii ki, imtahanlarda uğur əldə etmək üçün ciddi hazırlıq tələb olunur. Bizdə də universitet rəhbərliyinin göstərişi ilə hər fakültənin fənlərinin ayrıca imtahan cədvəli tərtib olunub. İmtahan cədvəllərinə uyğun olaraq imtahanların saatları təyin olunur və həyata keçirilir. İmtahanlar zamanı obyektivliyin və şəffaflığın təmin olunması üçün auditoriyalardan ixtisas fənn müəllimləri ilə yanaşı, qeyri-ixtisas müəllimləri olan şəxslər nəzarətçi kimi cəlb olunurlar. İmtahan qaydalarına və universitet rəhbərliyinin əmrinə uyğun olaraq imtahan zamanı tələbələrə 5 açıq sual təqdim olunur. İmtahanlar 80 dəqiqə ərzində başa çatdıqdan sonra həmin vərəqlər tələbələrdən nəzarətçilər vasitəsilə yığılır. Daha sonra isə nəzarət qrupunun iştirakı ilə imtahan yoxlanma qərargahından kodlaşdırılaraq, müəllimlər tərəfindən yoxlanılır. Zərurət yarandığı hallarda isə nəticələr başqa müəllimlər tərəfindən də yoxlanılır. Yoxlama başa çatdıqdan sonra cavab blankları şifrələrə uyğunlaşdırılaraq tələbələrin nəticələri elan olunur. Əgər hansısa tələbə nəticəsindən narazı qalarsa, apelyasiya komissiyasına müraciət edərək öz imtahan vərəqini yenidən yoxlada bilər”. Qeyd olundu ki, Azərbaycan Kooperasiya Universitetində də digər ali təhsil müəssisələrində olduğu kimi tədrisin təşkili boloniya prosesinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və özəl ali təhsil müəssisələrinin qarşısında, bu sistemin tələblərinə uyğun olan müvafiq vəzifələr qoyulmuşdur. Bunlardan ən önəmlisi isə təhsilin kredit sisteminə keçilməsidir ki, onun da üstünlükləri kifayət qədərdir. 
Bütün məlumatları diqqətlə dinləyən qonaqlar imtahan zallarında imtahanların təşkilini yüksək qiymətləndirərək Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Kooperasiya Universitetinin rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. İmtahanların keçirilməsi, şəffaf və obyektiv mühitin yaradılması, imtahan nəticələrinin ədalətli qiymətləndirilməsini yaxından izləyən valideynlər övladları üçün yaradılmış əlverişli təhsil mühitindən razı olduqlarını bildirdilər.