loading
Azərbaycan Kooperasiya Universitetinin rektoru AKU Tv-nin əməkdaşları ilə görüşdü

Azərbaycan Kooperasiya Universitetinin rektoru AKU Tv-nin əməkdaşları ilə görüşdü

18 noyabr 2016-ci il tarixində Azərbaycan Kooperasiya Universitetinin rektoru, Millət vəkili, professor Eldar Quliyev Azərbaycan Kooperasiya Universiteti Televizyasının yaradılması münasibətilə AKU TV-nin və Mətbuat xidmətinin əməkdaşları ilə görüş keçirmişdir.

 Rektor Eldar Quliyev Azərbaycan Kooperasiya Universiteti İnternet Televiziyasının fəaliyyətə başlamasına öz münasibətini bildirərək qeyd etdi ki:

“İlk növbədə Azərbaycan Kooperasiya Universitetinin İnternet Televiziyasının fəaliyyətə başlaması münasibəti ilə həm universitetin, həm də kanalın kollektivini səmim-qəlbdən təbrik edirəm. Kanalın yaradılmasında əməyi olan hər kəsə, xüsusən universitetin Tələbə-gənclər təşkilatının rəhbərlərinə təşəkkür edirəm. İnternet TV-nin universitetimizin elmi potensialının yüksəldiməsində, tələbə gənclərimizin düzgün istiqamətləndirilməsində, onların mənəvi və siyasi cəhətdən daha dolğun yetişməsində müsbət rolu olacağına inanıram. Hesab edirəm ki, dünyada baş verən hadisələrin, xüsusən təhsillə bağlı məsələlərin internet TV vasitəsilə operativ işıqlandırılması XXI əsrin tələbələri olan gənclərimizdə vətənpərvərlik ruhunun gücləndirilməsinə, yüksək səviyyədə təhsil almalarına stimul olacaqdır”.

Eldar Quliyev universitetin tələbə gənclərinin Respublikada keçirilən siyasi tədbirlərdə, layihələrdə, elmi yarışlarda, xüsusilə də vətənpərvərliklə bağlı olan tədbirlərdə aktiv şəkildə təmsil olunmalarına toxunaraq bildirdi ki, 
“Bir neçə gün əvvəl xalqımız Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyini böyük ruh yüksəkliyi ilə qeyd etdi. 25 il müstəqil dövlət üçün tarixi baxımdan elə də böyük müddət olmasa da, bu müddətdə, xüsusən 1993-cü ildən sonra ölkəmiz böyük inkişafa nail olmüşdur və bu inkişaf indi də davam edir. Sözsüz ki, əldə olunan bu uğurlarda ümummilli liderimiz Heydər Əliyevin müstəsna rolu olduğu xüsusi qeyd olunmalıdır. Bəlkə də ölkənin fəlakətin astanasında olduğu bir vaxtda ulu öndər xalqın tələbi ilə Naxçıvandan Bakıya gələrək rəhbərlik məsuliyyətini öz üzərinə götürməsəydi Azərbaycan xırda dövlətlərə yaxud qurumlara parçalana bilərdi. Zəngin təcrübəyə, möhkəm idarəyə malik Heydər Əliyevin qətiyyətli addımları, onun öz xalqına və xalqın Heydər Əliyevə inamı ölkəni fəlakətdən xilas etdi. Məşhur bir şerə uyğunlaşdırsaq əminliklə deyə bilərik ki, “Xalq deyəndə Heydər Əliyevi, Heydər Əliyev deyəndə xalqı başa düşürük” deyimi həmin illərdə uğurlarımızın əsası oldu.
Heydər Əliyevin özündən sonra xalqımıza tövsiyə etdiyi və onun layiqli davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyev ulu öndərin dəsti-xəttini uğurla davam etdirərək müasir Azərbaycanın yeni dövlət modelini yaratdı.
Ölkəmiz bu gün iqtisadiyyatın bütün sahələrini surətlə inkişaf etdirərək regionun aparıcı dövlətinə, Avropanın və dünyanın hesablaşdığı bir dövlətə çevrilmişdir.
İqtisadi inkişafla yanaşı ordu quruculuğuna çox ciddi önəm verilir və bu müharibə vəziyyətində olan ölkə üçün son dərəcə vacibdir. Hazirda Azərbaycan ordusu dünyanın müasir texnikası ilə təchiz olunmş ən güclü orduları sırasına daxildir.
Əldə olunan uğurlar ölkəmizin beynəlxalq nüfuzunu qaldırmışdır. Azərbaycanın müntəzəm olaraq beynəlxalq tədbirlərə ev sahibliyi edərək yüksək səviyyədə təşkil etməsi onun bariz nümunəsidir. Gənclər üçün maraqlı olduğundan idman yarışlarını təşkilini diqqətə çatdırmaq istəyirəm. Son illərdə ölkəmiz idmanın yüksək inkişafına nail olmuşdur və idmançılarımız dünya və Avropa miqyaslı turnirlərdə inamlə qələbələr qazanırlar. Ən möhtəbər idman tədbiri olan olimpiya oyunlarında uğurlarımız diqqətə layiqdir. Sidney olimpiyadasından başlayaraq hər sonrakı olimpiya oyunlarında daha yüksək nəticələrə nail oluruq. İdmançılarımız bu yarışlarda çoxsaylı medallar qazanır, milyonlarla tamaşaçının bilavasitə yaxud televiziya vasitəsi ilə izlədiyi yarışlarda bayrağımızın yüksəldilməsinə, himnimizin səsləndirilməsinə nail olurlar. Bu uğurların nəticəsində 2015-ci ildə ilk Avropa Oyunlarının təşkil olunması ölkəmizə etibar olundu və Azərbaycan bu oyunları ən yüksək səviyyədə təşkil etməklə yanaşı iştirakçı kimi də uğur qazanıb komanda hesabında üçüncü yerə layiq görüldü.
Dünyanın ən möhtəşəm mahnı yarışması olan Evrovizion mahnı müsabiqəsinə də 2011-ci ildə yüksək səviyyədə ev sahibliyi etməklə Azərbaycan öz inkişafını dünyaya əyani surətdə göstərə bildi.
Azərbaycan tolerant dövlətdir. Xalqımızın əksər hissəsinin inancı islam dini olsa da, digər dinlərə də ehtiramla yanaşılır. Təsadüfü deyildir ki, möhtərəm prezidentimiz tərəfindən 2016-cı il multikulturalizm ili elan olunmuşdur. 
Vətənpərvərliklə bağlı isə qeyd etməliyəm ki, Azərbaycan gəncliyi həmişə yüksək səviyyədə vətənə bağlılığı ilə seçilmişdir. Bilirsiniz ki, hələ müstəqillik əldə olunmazdan əvvəl ermənilər ölkəmizə qarşı torpaq iddiasına düşmüşdülər və 20% ərazimiz işğal olunmuş, bir milyona yaxın insan öz ata-baba yurdlarından qaçqın düşmüş, bütün varidatından məhrum olmuş, minərlə insan dünyasını dəyişmiş, şikəst olmuşdur. Ulu öndər Heydər Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinə həmişə həssaslıqla yanaşırdı. Onun layiqli davamçısı olan İlham Əliyev, eləcə də ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da qaçqın və məcburi köçkünlərə yüksək səviyyədə dövlət qayğısı göstərirlər. Bütün bu yaradılan şəraitə baxmayaraq qaçqın və məcburi köçkün soydaşlarımız, kimi bütün Azərbaycan vətəndaşlarının qəlbində bir Qarabağ ağrısı vardır və hamı səbirsizliklə torpaqlarımızın azad edilməsini gözləyir. Bu ilin aprel hadisələrini bir daha xatırlatmaq istəyirəm. Aprelin 2-də erməni qəsbkarları yenə də iriçaplı pulemyotlardan və raketlərdən istifadə etməklə Tərtər və Cəbrayıl rayonlarında təxribatlar törətdilər, nəticədə xeyli sayda dinc sakin həlak oldu, xəstəxanalar, məktəb binaları, uşaq bağçaları, yaşayış evləri dağıdıldı. Səbr kasası dolan Azərbaycan ordusu zəfər yürüşünə başladı, düşmən ordusuna sarsıdıcı zərbələr endirdi, hərbi qüvvələrini və döyüş texnikasını darmadağın etdi, xeyli sayda canlı qüvvəsini məhv edərək 2 min hektara yaxın ərazini işğaldan azad etdi, bir neçə strateji yüksəkliyi ələ keçirdi. Ermənistan rəhbərliyinin yalvarışı, bir sıra böyük dövlətlərin rəhbərlərinin xahişi ilə əməliyyat dayandırılmasaydı ordumuz erməni təcavüzkarlarını daha acınacaqlı vəziyyətə salacaqdı. Bu əməliyyatlarda şəhidlər versək də dünyaya sübut etdik ki, ordumuz öz gücü ilə torpaqlarımızı azad etmək iqtidarındadır. 
Həmin günlərdə ölkəmizin hər yerində olduğu kimi universitetimizin gəncləri də vətənpərvərlik hissinin nə qədər yüksək olduğunu nümayiş etdirirdilər, lazım gələrsə təhsili yarımçıq qoyub əldə silah vətənin müdafiəsinə qalxmağa hazır olduqlarını bəyan etdilər. Hesab edirəm ki, bu tədbirlərdə səslənən fikirlər vətənpərvərliyin zirvəsi idi, gənclərimizin torpağa bağlılığının, ölkə başçısına və xalqımıza sədaqətinin mubariz nümunəsi idi.
Universitetimizin tələbələri ölkə miqyaslı bir çox tədbirlərdə, o cümlədən Təhsil Nazirliyi tərəfindən təşkil olunan tədbirlərdə fəal iştirak edirlər. Tələbə elmi cəmiyyətinin xətti ilə elmi konfranslarda universitetimizi layiqincə təmsil edən tələbələrimiz yaddaqalan çıxışlar edirlər. Çoxsayda gənc alimlərimiz yetişir ki, bu işdə professor - müəllim heyətinin böyük rolu vardır”.
Yarım əsrdən artıq tarixi olan Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik edən professor Eldar Quliyev Kooperasiya Universitetinin gələcəkdə həyata keçirəcəyi planlardan da söz açaraq bildirdi ki: 
“ İki il əvvəl universitetimizin 50 illiyini ən yüksək səviyyədə qeyd etdik. Ölkəmizin ali məktəblərinin rəhbərlərinin, bir sıra xarici ölkələrdən gəlmiş qonaqların iştirak etdiyi tədbirdə universitetimizin keçdiyi yol, əldə etdiyi nailiyətlər geniş işıqlandırıldı.Universitetimizin inkişafını yalnız mənim adımla bağlamağı düzgün hesab etmirəm, məndən əvvəl bu təhsil oçağına rəhbərlik etmiş şəxslərin əməyini yüksək qiymətləndirdiyimi diqqətinizə çatdıdıram.
Bildiyimiz kimi, fəaliyyətimizin bir hissəsi keçmiş sovetlər dövründə Mockva və Poltava institutlarının tərkibində olsa da, əsası müstəqillik illərinə düşür. Bu dövrdə universitetimizə ən böyük dəyəri Heydər Əliyev vermişdir. Onun 2000-ci il 31 avqust tarixli fərmanı bu təhsil ocağının həyatında unudulmaz hadisə kimi qalmışdır.Məhz bu fərmana uyğun olaraq böyük inkişaf mərhələsinə qədəm qoyduq. İnstitutun bazasında universitet yaratdıq, on səkkiz ixtisas üzrə tədrisin həyata keçirilməsinə başlanıldı. 8 dekanlıq, 27 kafedra vasitəsilə tədris təşkil olundu, yeni korpus inşa edildi, laboratoriyalar, fənn kabinələri, informatika şəbəkəsi yaradıldı, maddi-texniki baza möhkəmləndi, professor-müəllim heyəti gücləndirildi. Yalnız ölkəmizin deyil, MDB-yə daxil olan dövlətlərin, eləcə də bir sıra Avropa ölkələrinin ali məktəbləri ilə əlaqələr yaradıldı.
Son illər ölkəmiz təhsil sahəsində də yüksək inkişafa nail olmuşdur. Xüsusən Təhsil Naziri vəzifəsinə gənc, yüksək intellektli, islahatlar tərəfdarı Mikayıl Cabbarovun təyin olunmasından sonra bu inkişaf özünü daha qabarıq göstərir. Boloniya sisteminə keçidin başa çatdırılması, yeni təhsil strategiyasının hazırlanması, idarəetmədə paralelliyin aradan qaldırılaraq lisenziyalaşmanın ləğv olunub yalnız akkreditasiyanın saxlanılması, yeni təhsil standartlarının qəbul olunması təhsilimizin dünyada tanınmasına səbəb oldu. Yeni ali təhsil ocaqları fəaliyyətə başlamışdır. Hesab edirəm ki, həyata keçirilən tədbirlər tələbə və gənclərimizdə gələcəyə inamı daha da artırmışdır”.
Bu gün Azərbaycan təhsili günü-gündən inkişaf edir. Orta məktəblərdən tutmuş ali məktəblərə qədər təhsilin səviyyəsi dayanmadan inkişaf edir.- deyən Eldar Quliyev diqqətə çatdırdı ki: “Bu gün Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir, regionun aparıcı dövlətinə çevrilmişdir. Orta təhsildən tutmuş bakalavriat, magistratura, doktorantura səviyyələrində təhsil həyata keçirilir. Bu günün şagirdi sabah tələbə, bugüngü tələbə sabah magistr və alim səviyyəsinə qalxa bilər.
Bu gün Azərbaycan Prezidentinin apardığı siyasət gənclərdən yüksək biliyə yiyələnməyi tələb edir. Ölkə başçısının “neft kapitalını insan kapitalına çevirək” devizi yüksək intelektli gənclərin yetişdirilməsini qarşıya məqsəd qoyur və bu məqsəd biz müəllimləri tələbələrə ən yüksək səviyyədə bilik verməyə stimullaşdırır.
Məlumunuz olduğu kimi, möhtərəm prezidentimiz təhsilə xüsusi diqqət və qayğı ilə yanaşır. Universitetimiz də bu diqqət bə qayğıdan kənarda qalmır. 2014-cü ildə Universitetimizin 50 illiyi qeyd olunarkən 12 nəfər əməkdaşımızın “Əməkdar müəllim”, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” adına layiq görülməsi, “Tərəqqi” medalı ilə təltif olunması, bu ilin oktyabr ayında müəllim günü ilə əlaqədar universitetimizin professoru Bəyalı Ataşova təhsil sahəsində ən yüksək ad olan “Əməkdar elm xadimi” adı verilməsi bu diqqət və qayğının bariz nümunəsidir.
Gələcək planlarımız haqqında onu qeyd etmək istərdim ki, növbəti tədris ili üçün tələbə qəbuluna dair verdiyimiz şifarişdə bir sıra yeni ixtisaslar üçün qəbul planlaşdırmışıq və əgər bu təkliflər qəbul olunarsa universitetimizdə tədris olunan ixtisasların sayı daha da artmaqla tələbə kontigentimiz də əhəmiyyətli dərəcədə arta bilər. Həmin ixtisaslar üzrə tədris aparmağa həm kifayət qədər maddi-texniki bazamız, həm də yüksək səviyyəli professor-müəllim heyətimiz vardır”.
Sonda internet televiziyası vasitəsi ilə tələbələrə və ümumilikdə Azərbaycan gənclərinə tövsiyələrini bildirən Professor Eldar Quliyev qeyd etdi ki: 
“Tələbələrimizə, eləcə də Azərbaycan gənclərinə iyirmi birinci əsrin gənclərinə layiq yüksək mədəniyyətli, intelektual səviyyəli gənclər kimi yetişməyi arzulayıram.
Universitetin İnternet Televiziyasına isə fəaliyyətində uğurlar arzulamaqla bərabər nailiyyətlərimizi, çətinliklərimizi, çatışmazlıqlarımızı daim işıqlandırmağı tövsiyə edirəm”.

 

 

 

 

 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz