loading
Ulu Öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir

Ulu Öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir

4 may 2017-ci il tarixində Azərbaycan Kooperasiya Universitetində universitet rəhbərliyi, Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü il ildönümünə həsr olunmuş "Ulu Öndər Heydər Əliyev müasir gənclər siyasətinin banisidir" mövzusunda konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan Azərbaycan Kooperasiya Universitetinin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev bildirdi ki, Ulu öndər Heydər Əliyev min illərlə tarixi olan müdrik Azərbaycan xalqına məxsus düha idi. Bu dahi şəxsiyyət sovet rejiminin onun millətini necə sıxdığını, inkişafına hər vasitə ilə mane olduğunu açıq-aydın görürdü. Dahi şəxsiyyət mübarizələrlə dolu həyatı ilə sübut etdi ki, həmin dövrün bütün çətinliklərinə baxmayaraq vətən üçün, xalq üçün çox böyük işlər görmək mümkündür. Heydər Əliyev Azərbaycan xalqının müstəqillik yolunda qarşılaşacağı çətinlikləri hələ o dövrlərdə görür, sovet totalitar rejiminin sərt təzyiqlərinə baxmayaraq bu günümüz üçün ən qlobal problemləri məharətlə həll edir, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinə şərait yaradır, Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atmaqla bugünki dövlət müstəqilliyimizin möhkəm təməlini qoyurdu. Azərbaycanın bugünkü zəngin elmi, iqtisadi, mədəni, kadr potensialının təməlində Heydər Əliyevin həmin illərdə apardığı milli quruculuq işləri dayanır. Elmə, təhsilə xüsusi diqqət yetirən Heydər Əliyev 70-ci illərdə hər il iki min nəfərə qədər gənci müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ayrı-ayrı şəhərlərinə göndərirdi.
 Hadisələrin sonrakı inkişafı bu dahi şəxsiyyətin uzaqgörənliyini bir daha sübut etdi. Müstəqil dövlətin gənc ordusu məhz həmin məktəbin yetirdiyi hərbi kadrların bilik və təcrübəsi sayəsində formalaşmağa başladı. Vətənini, xalqını hədsiz məhəbbətlə sevən böyük öndərimizin bilavasitə şəxsi təşəbbüsü ilə müasir Azərbaycan memarlığının şah əsərləri sayılan və respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, özünün görkəmi ilə şəhərə gözəllik verən neçə-neçə möhtəşəm binalar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldılmışdır. Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanmış strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Həmin dövrdə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətin nəticəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu. Həmin illər Azərbaycanın enerji təhlükəsizliyinə xidmət edən tədbirlər miqyası kifayətdir deyək ki, Ümummilli liderimiz müstəqilliyimizi aydın görürdü və bunun üçün mümkün olan hər şeyi edirdi. 1993-cü ildən başlayaraq Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, inkişaf edən bir dövlətə çevrildi. Qısa müddət ərzində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçiliyə meydan oxuyan silahlı birləşmələr ləğv edildi, ictimai-siyasi sabitlik yarandı. Ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun quruldu, uğurlu neft strategiyası müəyyən edilib həyata keçirilməyə başlandı, ictimai həyatımızın bütün sahələrində hərtərəfli demokratik islahatlar aparıldı. Siyasi pluralizm, söz və mətbuat azadlığı təmin edildi, Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzası ləğv edildi, Azərbaycanın gələcək inkişafını şərtləndirən hərtərəfli şərait yaradıldı. Əlbəttə, bunların heç biri asan başa gəlmədi. Bu tərəqqini qısqanclıqla qarşılayan bəzi daxili və xarici qüvvələr Ümummilli liderimizə sui-qəsdlər etməkdən belə çəkinmirdilər. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət kursunun nəticəsi olaraq ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildi, Azərbaycanın haqq səsi dünyada eşidilməyə başlandı. Uğurlu neft strategiyası, siyasi və iqtisadi islahatlar dünya dövlətlərinin diqqətini cəlb etdi və 1994-cü ildə Bakıda «Əsrin müqaviləsi» kimi nəhəng bir saziş imzalandı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi, Böyük İpək Yolunun bərpası üzrə konkret addımlar atıldı. Bütün bunlar Heydər Əliyevin siyasi fəaliyyətinin bəhrələridir, onun parlaq səhifələridir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, inkişaf etmiş, sivil dünya dövlətləri cərgəsinə çıxarmaq, arzusunda olduğu yeni Azərbaycanın reallaşması naminə var gücü ilə çalışırdı. Yorulmadan dünyanın böyük dövlətlərinin başçıları ilə saysız-hesabsız görüşlər keçirir, Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı. Bu səfərlər zamanı dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın vəziyyəti ilə maraqlanır, onların azərbaycançılıq ideyası ətrafında birləşməsi üçün böyük səy göstərir, bütün ölkələrdə soydaşlarımızın mənəvi və mədəni həmrəyliyinin yaradılmasına, Azərbaycan diasporunun formalaşmasına böyük önəm verirdi. «Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam» - deyən Ulu öndərimiz 2001-ci ilin noyabrında Bakıda bütün dünya azərbaycanlılarının I qurultayının keçirilməsinə nail oldu. Fikrət Quliyev qeyd etdi ki, Heydər Əliyev dühasını, onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək tədqiq etmək mümkün deyildir. Bu şəxsiyyətin böyüklüyünü, onun xalqımızın firavanlığı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün zaman tələb olunur. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev bütün sahələrdə Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır. Bu Heydər Əliyevin ideyalarının real bəhrəsi, onların geçəkləşməsidir. Bizim isə ən böyük vəzifəmiz Heydər Əliyevin ideyalarının inkişafı və Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazılması naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır. Sonra konfrans proqrama uyğun olaraq davam etdirildi. Konfransda Ekspertiza və əmtəəşünaslıq kafedrasının müdiri, professor Vilayət Əliyev, Tələbə Elmi Cəmiyyətinin sədri Elvin Hüseynov, Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, İqtisadiyyat fakültəsinin tələbəsi Nigar Ağayeva, İdarəetmə fakültəsinin tələbəsi Şahin Cəfərov çıxış edərək Xalqımızın Ümummilli lideri Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan və onun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətdən danışaraq, bu siyasi kursun hələ yüz illərlə Azərbaycanı inkişaf etdirəcəyinə əmin olduqlarını bildirdilər.

 

 

 

 

 

 

 

 



serverin.biz serverin.biz serverin.biz serverin.biz serverin.biz