Azərbaycan Kooperasiya Universitetinin Elmi şurasının iclası keçirilib

22 noyabr 2018-ci il tarixində Azərbaycan Kooperasiya Universitetində universitetin Elmi şurasının növbəti iclası keçirilmişdir. Şuraya sədrlik edən universitetin rektoru, Millət vəkili, professor Eldar Quliyev ilkin olaraq respulikamızda təhsilin inkişafı istiqamətində görülən işlərdən, bu sahəyə göstərilən dövlət qayğısından danışdı, rektor bildirdi ki, “Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident Cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır.
Əlbəttə ki, görülən bu işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbəb verir. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar bu gün də yeni mərhələdə, yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır. Bir sözlə, dövlətin təhsil sisteminin inkişafı prosesinə mütəmadi və yüksəksəviyyəli diqqətinin nəticəsində bu sektor da keyfiyyətcə yeni və ardıcıl inkişaf müstəvisinə qədəm qoyub. Beləliklə, bu günAzərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır”. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyətinə toxunan rektor, tələbələrin hərtərfli inkişafı, onların yüksək səviyyədə ali təhsil almaları üçün hər cür şəraitin yaradıldığını vurğuladı. E.Quliyev bildirdi ki, “Universitetdə son zamanlarda maddi-texniki bazanın təkmilləşdirilməsi, tələbələrin müasir texnoloji yeniliklərlə tədris planlarını mənimsəməsi şübhəsiz ki, təqdirə layiq haldır”.
Rektorun çıxışından sonra iclasın gündəliyinə əsasən məruzəçilərin çıxışları dinlənildi. Elmi şura tərəfindən qəbul edilimiş mövzular ətrafında universitetin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev, Elmi işlər üzrə prorektor Bəyalı Ataşov, Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektor Aygün Quliyeva, Doktorantura və magistratura şöbəsinin müdir müavini Əmiraslan Nəbiyev çıxış etdilər.

 
Close Menu