“1 dekabr – Ümumdünya QİÇS-lə mübarizə günü” münasibəti ilə “Gənclərimizi və gələcəyimizi qoruyaq” adlı tədbir keçirilib

30 noyabr 2018-ci il tarixdə Azərbaycan Kooperasiya Universitetinin iclas zalında Azərbaycan Kooperasiya Universitetinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “1 dekabr – Ümumdünya QİÇS-lə mübarizə günü” münasibəti ilə “Gənclərimizi və gələcəyimizi qoruyaq” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva tədbir iştirkaçılarını və qonaqları salamladı. O bildirdi ki, son bir həftə ərzində universitetimizdə narkomaniya və narkotik vasitələrdən istifadəyə qarşı mübarizə həftəsi elan olunub və bununla bağlı bütün qruplarda tələbə gənclərlə maarifləndirici söhbətlər aparılıb. A. Quliyeva bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə, eyni zamanda insanların həyatına, sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayaraq, gəncləri narkotik maddələrdən, o cümlədən digər zərərli vərdişlərdən uzaq tərbiyə etməyin vacibliyini qeyd edib.

Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov çıxış edərək qeyd etdi ki, yeniyetmə və gənclər arasında QİÇS və narkomaniya hallarının qarşısının alınması üçün dövlət səviyyəsində bir sıra proqramlar qəbul edilmişdir. Lakin buna baxmayaraq əlaqədar təşkilatların bu sahədə birgə fəaliyyəti çox əhəmiyyətlidir. Maarifləndirmə tədbirlərinin xüsusi yeri vardır. Eyni zamanda N.Novruzov vurğuladı ki, QİÇS-lə mübarizə gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. 1988-ci ildə təsis edilmiş QİÇS Günü dünya ölkələri səhiyyə nazirlərinin QİÇS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran zirvə görüşündən sonra təsis edilib. Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin dəstəyi ilə dekabrın 1-ni Ümumdünya QİÇS Günü elan edib. Belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaradıb.

Daha sonra 7 saylı yoluxucu xəstəliklər xəstəxanasının həkimi Natavan Cəfərova bildirdi ki, QİÇS xəstəliyi əsasən narkomaniya xəstəliyinə düçar olanlarda daha çox təsadüf edilir. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata siyasi proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial munasibətlərə mənfi təsir göstərir.

Sonra çıxış edən Universitetin Tələbə Gənclər Təşkilatının sədri, Mətbuat Xidmətinin rəhbəri Tamerlan Əkbərov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışaraq qeyd etdi ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.

Sonda gəncləri maraqlandıran suallar cavablandırıldı.

Close Menu