“Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələr üçün “Turizm və otel işi” mövzusunda seminar keçirilib

Azərbaycan Kooperasiya Universiteti və “Xidmət iş” Azərbaycan Həmkarlar İttifaqları Federasiyasının birgə təşkilatçılığı ilə universitetdə “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələr üçün “Turizm və otel işi” mövzusunda seminar keçirilib.

Seminarda çıxış edən universitetin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev qonaqları və iştirakçıları salamladı. F.Quliyev iqisadiyyatın prioritet sahəsi olan qeyri-neft sektorunun sürətli inkişafında turizmin rolu, turizm potensialının yüksəldilməsində Azərbaycan Kooperasiya Universitetinin alimlərinin üzərinə düşən mühüm vəzifələr barədə danışıb. O, həmiçinin ölkənin turizm sferasında aparılan islahatlardan, Dövlət Proqramları, Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn vəzifələrin icra mexanizmləri haqqında geniş məlumat verib.

Sonra “Xidmət iş” Azərbaycan Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov Kooperasiya Universitetinin rəhbərliyinə minnətdarlığını ifadə edərək bildirdi ki, bu ali təhsil ocağı daim müasir və düşündürücü layihələrə imza ataraq cəmiyyətin diqqətini öz üzərində yaxşı mənada cəmləyə bilir. Məhz, bu seminar da bu qəbildən olan maraqlı təşəbbüslərin silsiləsidir.

Seminarda “Nyu Baku” otelinin direktoru, Bakı şəhəri üzrə Turizm Peşəkarlar Təşkilatının sədri Ceyhun Aşurov, “Bakı Turizm Ekskursiya MMC”-nin direktoru Əlixan Mürvətov, “Consaltig” şirkətinin mütəxəssisi Firdovsi Xəlilov, universitetin “Menecment və ticarət” kafedrasının müdiri Vasif Həziyev, universitetin Mətbuat Xidmətinin rəhbəri, Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov və digərləri çıxış etdilər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Close Menu