Azərbaycan Kooperasiya Universiteti “Unibook” təhsil informasiya idarəetmə sisteminə qoşulmaq üçün "Neuron Technologies" şirkəti ilə müqavilə imzaladı

10 yanvar 2019-cu il tarixinində Azərbaycan Kooperasiya Universitetində təhsildə elektron informasiya idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə ölkənin qabaqcıl informasiya texnologiya şirkəti olan “Neuron Technologies” ilə müqavilə imzalandı. Bu müqaviləni imzalamaqda ali təhsil ocağının əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin bəynəlxalq rəaqbətqabiliyyətliliyinin artırılması üzrə Dövlət Proqramı”, onların həyata keçirilməsi üzrə Tədbirlər Planı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmr və göstərişləri, xarici və ölkədaxili qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsi əsasında müəyyən edilmiş strateji hədəfə çatmaqdır.

Azərbaycan Kooperasiya Universiteti “Unibook” – təhsil informasiya idarəetmə sistemini bulud platformasında istifadə etməklə bu mütərəqqi dünya texnologiyalarına əsaslanan “Unibook” – təhsil informasiya idarəetmə sisteminin tətbiqinə start verəcəkdir. Müqaviləni Azərbaycan Kooperasiya Universitetinin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev və “Neuron Technologies” şirkətinin baş direktoru İsmayıl Ələkbərov imzaladılar.
“Unibook” – elektron təhsil platformasının universitetdə tətbiqi çərçivəsində tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə, elektron imtahan, interaktiv forum və kommunikasiya, insan resurslarının idarə edilməsi, təqaüd hesablanması və digər alt-sistemlərin tətbiqi nəzərdə tutulur. “Unibook” elektron təhsil sistemi vasitəsilə tələbələr tədris strukturlarını, avtomatlaşdırılmış alt sistemləri özündə birləşdirən vahid informasiya mühitində istənilən fənn üzrə materialları onlayn qaydada əldə edəcək, müəllimlərin mühazirələri ilə tanış ola biləcəklər. Bütün tələbələrə və müəllimlərə onlayn sistemə giriş imkanı veriləcək və bunun üçün hər bir istifadəçinin xüsusi şifrəsi olacaq. Tələbələr “Unibook”a daxil olmaqla istənilən məlumatı öyrənə biləcəklər. Onlayn sistemdə universitet haqqında bütün məlumatlar, dərs cədvəlləri, fənn proqramları, elektron vəsaitlər yerləşdiriləcək. Elektron məlumat və idarəetmə sisteminin tətbiqi Azərbaycan Kooperasiya Universitetində son informasiya texnologiyalarına əsaslanan yeni təhsil idarəetmə sisteminin formalaşdırılmasına töhfə verəcək.

Menyunu Bağla