Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.2. 1-ci bəndində gənclərin sağlam həyat tərzi ilə bağlı maarifləndirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi aidiyyəti təşkilatların üzərinə vəzifə kimi qoyulmuşdur. Gənclərin bu sahədə maarifləndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrının “Həyatla oyun” tamaşası Azərbaycan Kooperasiya Universitetində nümayiş olunub. Tamaşadan əvvəl universitetin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva çıxış edərək qonaqları salamladı. O, Gənclər və İdman Nazirliyinə belə nümunəvi təşəbüsslərlə gənclərin maarifləndirilməsi istiqamətində görülən silsilə tədbirlər üçün minnətdarlığını bildirdi. Tamaşanın rejissoru İntiqam Soltan çıxış edərək bildirdi ki, tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq və yeni metodlar vasitəsilə məlumatlandırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi gənclərin sağlam həyat tərzi seçmələri üçün çox təsirli təbliğat vasitəsidir. Tamaşada hadisələr real həyatdan götürülmüşdür. Hadisələr əsasən bir qrup tələbələr arasında cərəyan edir. Universitet tələbəsi olan Duman narkotika aludəçisidir. Atası tərəfindən atılmış Nicat problemlərini unutmaq üçün dostu Dumanın məsləhəti ilə narkotikadan istifadəyə başlayır. Getdikcə onun vəziyyəti ağırlaşır. Oğlunun narkoman olduğunu öyrənən Nicatın anası infarkt keçirir. Universitetdə təlimçi tərəfindən Narkomaniya və QİÇS haqqında maarifləndirilən tələbələr Spiddən analiz verməyi qərara alırlar. Analizin cavabları alındıqdan sonra Nicatın QİÇS-ə yoluxduğu məlum olur. Bütün bu hadisələrin mərkəzində dayanan Dumanın narkoman olmasına səbəb isə uşaqlıqdan valideynləri tərəfindən düzgün başa düşülməməsi, bu haqda maarifləndirilməməsidir. Valideynlərinin yalnış münasibəti isə Dumanın pis yola düşməsinə təkan verir. Hətta narkoman qardaşını pis vəziyyətdə qoyub gedən Naza xanım oğlu Dumanı da qoruya bilmir. Tamaşa yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub. Müddəti 1 saat 15 dəqiqədir. Tamaşanın müəllifi Arzu Soltan, rəssamı Sevda Məmmədovadır.

Menyunu Bağla