29 mart 2019-cu il tarixində Azərbaycan Kooperasiya Universitetinin rektoru, Millət vəkili, Professor Eldar Quliyev və İstanbul Aydın Universitetinin təsisçisi, Avrasiya Universitetlər Birliyinin sədri Dr. Mustafa Aydının, eyni zamanda hər iki ali təhsil ocağının əməkdaşlarının iştirakı ilə iki universitet arasında əməkdaşlıq haqqında protokolun imzalanması mərasimi keçirildi.
Tədbirdə giriş nitqi ilə professor Eldar Quliyev çıxış edərək, öncə qonaqları salamladı. E.Quliyev Azərbaycanla Türkiyə arasında olan qardaşlıq, dostuluq əlaqələrinə toxunaraq bildirdi ki, “Azərbaycan və Türkiyə istənilən məsələdə bir-birinə dayaqdır. Bu gün ölkələrimiz arasında əlaqələr ən yüksək səviyyədədir, strateji önəm daşıyır və dünyada analoqu yoxdur. Azərbaycan hər zaman Türkiyənin dəstəyini hiss edib və bizim dövlətimiz də daim Türkiyənin yanında olub. Təbii ki, ikitərəfli əlaqələrin inkişafı təhsil sahəsində əməkdaşlıq üçün münbit şərait yaradır. Biz də bu şəraitdən səmərəli istifadə edərək rəhbərlik etdiyimiz ali təhsil ocaqları arasında qarşılıqlı təcrübə, tələbə və müəllim mübadiləsini həyata keçirəcəyik. Düşünürəm ki, bu əməkdaşlıq hər iki universitet üçün uğurlu olacaqdır”. 
Sonra Dr. Mustafa Aydın çıxış edərək səmimi qonaqpərvərliyə, dostluq və qardaşlıq münasibətinə görə Eldar Quliyevə və Azərbaycan Kooperasiya Universitetinə minnətdarlığını bildirdi. M. Aydın qeyd etdi ki, “Bu gün, sözün həqiqi mənasında, Azərbaycanla Türkiyə iki qardaş ölkə kimi bütün dünyaya birlik və bərabərlik modelini təqdim edir. Biz özümüzü öz vətənimizdə hiss edirik, Azərbaycan bizim üçün Türkiyə qədər əziz və doğmadır. Bizim isə əsas məqsədimiz bu tarixi ənənəni gələcək nəsillərə ötürməkdir. Bu gün sizlərin qonağı olmağımızdan və sizin universitetinizlə əməkdaşlıq etməyimizdən çox məmnun olduğumuzu ifadə etmək istəyirəm”.
Sonda Azərbaycan Kooperasiya Universitetinin rektoru, Millət vəkili, Professor Eldar Quliyev İstanbul Aydın Universitetinin təsisçisi, Avrasiya Universitetlər Birliyinin sədri Dr. Mustafa Aydına “Azərbaycan Kooperasiya Universitetinin Fəxri Doktoru” diplomunu təqdim etdi.

 
Menyunu Bağla