Tədbirdə Universitetin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva, Tədris işləri üzrə prorektor Fikrət Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Nərimanov rayon idarəsinin əməkdaşı Ədalət Xəlilov, fakültə dekanları və gənclər iştirak edib. 
Karyera Mərkəzinin sədri, İdarəetmə fakültəsinin dekanı Nadir Kərimov Mərkəzin təsis olunması və qarşıda duran vəzifələri barəsindəm geniş məlumat verib. Sonra Mərkəzin təlimçisi Zaur Mehdiyev CV və motivasiya məktublarının hazırlanması, müsahibəyə psixoloji hazırlıq və davranış qaydaları, kollektiv iş metodları və sair mövzular ətrafında təlimi həyata keçirib.
Tədbirdə Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektor Aygün Quliyeva, Dövlət Məşğulluq Xidmətinin Nərimanov Rayon İdarəsinin əməkdaşı Ədalət Xəlilov çıxış ediblər. Karyera Mərkəzinin işinə uğurlar arzulayan natiqlər bildiriblər ki, Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasında gənclərin məşğulluğunun təminatı prioritet istiqamətlərdən biridir. Dövlətimiz bu sahədə hazırda silsilə layihələr həyata keçirir.
Həmçinin, qeyd edilib ki, tələbə və məzunlarla bağlı bir sıra aktiv məşğulluq tədbirləri təşkil edilir, onların işəgötürənlərlə ilkin əlaqələr qurmalarına şərait yaradılır. Azərbaycan Kooperasiya Universitetində Karyera Mərkəzinin yaradılmasında məqsədin yuxarı kurs tələbələrinin əmək bazarında inteqrasiyasını daha da asanlaşdırmaqdır. 
Sonda tələbələrin sualları cavablandırılıb.

 
Menyunu Bağla