Azərbaycan Kooperasiya Universitetində “Təbiəti könüllü qoruyaq ” adlı könüllülər proqramının təqdimatı olub.

Ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işlərinin daha da genişləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış “Təbiəti könüllü qoruyaq” adlı könüllülər proqramının növbəti təqdimatı Azərbaycan Kooperasiya Universitetində keçirilib.

Universitetin “Marketinq və menecment fakültəsi”nin ekologiya və coğrafiya ixtisaslarında təhsil alan tələbələrilə keçirilən görüşdə Azərbaycan Kooperasiya Universitetinin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev çıxış edərək qonaqları salamlayıb. Həmçinin, Ekologiya və Təbii Sərvətər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov, İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin aparıcı məsləhətçisi Hikmət Ağazadə, “Marketinq və menecment “fakültəsinin dekanı Eldəniz Məhərrəmov və nazirliyin əməkdaşları çıxış ediblər.

Çıxışlarda xüsusilə, Azərbaycan Kooperasiya Universitetində yeni yaradılan Ekologiya klubunun fəaliyyəti barəsində geniş məlumat verilib. 
Eyni zamanda, görüşün mahiyyəti haqqında bildirilib ki, könüllülük fəaliyyətinə qoşulan gənclər ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində aparılan təbliğat və maarifləndirmə işlərində yaxından iştirak edəcək, proqram çərçivəsində Nazirliyin mütəxəssisləri tərəfindən onlara əmək vərdişləri aşılayan təlimlər keçiriləcək və nəzəri-praktik biliklərin qazanılması üçün geniş şərait yaradılacaq.

Seçilənlərə xüsusi sertifikatlar veriləcək və onlar ehtiyat kadrlar siyahısına alınaraq gələcəkdə ETSN-də kadr heyətinin formalaşdırılmasında iştirak edəcəklər. Bu da gənc könüllülərin iş həyatına uğurlu bir keçid fürsəti yaradacaq.

Qeyd edək ki, bu günədək “Təbiəti könüllü qoruyaq” könüllülər qrupuna yüzlərlə gənc qoşulub.

Menyunu Bağla