6 may 2019-cu il tarixində Azərbaycan Kooperasiya Universitetində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii tədbir keçirilib.

“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama müvafiq olaraq, ölkəmizin bütün müəssisə və təşkilatlarında, xüsusilə təhsil ocaqlarında dahi şairin həyat və yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu qəbildən olan tədbirlər Azərbaycan Kooperasiya Universitetində də “Nəsimi İli” çərçivəsində keçirilməkdədir. 
Bu gün Azərbaycan Kooperasiya Universitetinin rəhbərliyi və universitetin Kitab və ART klublarının birgə təşkilatçılığı ilə baş tutan bədii-musiqili gecədə Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin rəhbərliyi, hər iki təhsil ocağının müəllimləri və ədəbiyyatsevər tələbələri iştirak edib. 
Tədbirdə universitetin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva mütəfəkkir şairin həyat və yaradıcılığı haqqında məlumat verib.

Qeyd edilib ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib.

Bədii-musiqili gecədə gənc xanəndələrin ifasında Nəsiminin qəzəllərindən ibarət muğam parçaları səsləndirilib. Nümunəvi rəqs və nağara qrupları müxtəlif nömrələr təqdim ediblər.

Sonda tədbirin fəal iştirakçılarına universitetin fəxri fərmanları təqdim olunub.

Menyunu Bağla