Azərbaycan Kooperasiya Universitetinin “Ekspertiza və texnologiya fakültəsi”nin tələbələri Ağsu rayonunda fəaliyyət göstərən Cənubi Qafqazda öz sahəsində ən böyük müəssisələrdən biri olan Az-Granata meyvə şirəsi və şərab emalı zavodunda olublar. “Az-Granata” MMC-nin direktor müavini, professor Vüqar Mikayılovun təqdimatı ilə zavodun iş fəaliyyəti əyani şəkildə universitetin tələbələrinə nümayiş olunub. Az-Granata MMC-nin fəaliyyəti haqqında geniş məlumatlar verən V. Mikayılov bilidirib ki, 2011-ci ildə inşa olunmuş zavod, Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. Az-Granata meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab məhsulları da istehsal edir. Zavod meyvə qəbulu və emalı, konsentrat hazırlanması, aseptik çənlərdə meyvə şirələrinin saxlanılması, şərab və konyak spirtlərinin saxlanılması anbarından, distillə sexindən, şüşə və “tetra pak” qablarının dolumu və qablaşdırılması sexlərindən, hazır və köməkçi xammalın saxlanılması bölümlərindən ibarətdir. Meyvə qəbulu xəttində nar, üzüm, alma, armud, feyxoa, tut, zoğal və heyva məhsullarını emal edilir. Belə ki, zavod saatda 12 ton nar, 10 ton alma, 40 ton üzüm emal etmək gücünə malikdir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, çeşidlənməsi, xırdalanması, əzilməsi, sıxılması, yüksək temperaturda sterilizasiyası, aseptik çəndə saxlanılması (40 ədəd, hər biri 50 ton) mərhələləri həyata keçirilir. Zavodun illik istehsal gücü meyvə şirəsi üçün 100 milyon qablaşdırma, alkoqollu içkilər üçün isə 24 000 000 butulka təşkil edir. Zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunub. Az-Granata-nın 500 hektar üzüm, 350 hektar nar bağları vardır. Nar bağlarının əsas hissəsi orqanikdir və Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən sertifikatlaşdırılıb. Meyvə bağları, meyvə istehsalı və əkinçilik üsulları yerli və xarici mütəxəssislər tərəfindən müntəzəm olaraq yoxlanılır. Bağlarda damlama üsulu ilə suvarma sistemi tətbiq edilir. Nəzəri və əyani təqdimatdan sonra Ekspertiza və texnologiya fakültəsində təhsil alan yuxarı kurs tələbələrinin sualları cavablandırılıb. Səmimi qonaqpərvərliyə və ətraflı məlumat və təqdimata görə fakültə dekanı Möhübbət Hüseynov MMC-nin rəhbərliyinə təşəkkür edib. Zavodla tanışlıqdan sonra tələbələr Ağsu şəhəri orta əsr arxeoloji turizm kompleksi ilə də tanış olublar.

Menyunu Bağla