Azərbaycan Kooperasiya Universitetində 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş və hazırda Azərbaycan Kooperasiya Universitetinin tələbələri olan müharibə iştirakçıları, qazilər, universitet rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər. Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, müstəqilliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Kooperasiya Universitetinin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev geniş nitqlə çıxış etdi. Vurğulandı ki, İkinci Qarabağ müharibəsində qazanılan böyük Zəfər xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təntənəsi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz 44 gün davam edən bu Vətən müharibəsində tariximizin möhtəşəm salnaməsini yaratdı. Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Tarixini bu möhtəşəm qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqq uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Bu zəfərlə rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistanın 30 illik işğalına son qoydu, məğlubiyyət damğasını üzərimizdən götürdü. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada qalib dövlət, qalib xalq kimi tanındıq. Xalqımızın intizarında olduğu bu tarixi reallığın müəllifi Prezidentimiz Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Qeyd olundu ki, ikinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti öz mübarizliyi ilə qəhrəmanlıq simvoluna çevrildi. Hərbçilərimiz döyüş meydanlarından bütün dünyaya göstərdilər ki, torpaq uğrunda mübarizə necə olur. Hər bir vətən övladı igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı. Sonda Vətən müharibəsi iştirakçıları universitet rəhbərliyi tərəfindən xüsusi fəxri fərmanlarla təltif olundular.