Azərbaycan Kooparasiya Universitetinin tələbələrinin sorağı Avropadan gəlir

AKU-nun Avropanın müxtəlif universitetlərində Erasmus + mübadilə proqramı çərçivəsində təhsil alan tələbələri bizimlə öz təəssüratlarını bölüşüblər.

Almaniyanın Şmalkalden Tətbiqi Elmlər Universitetində təhsil alan Aliyə Zamanova İdarəetmə fakültəsinin III kurs tələbəsidir. Ötən semesteri Almaniyada uğurla başa vuran Aliyə tələbə yoldaşlarının və müəllimlərinin rəğbətini qazanıb. Bu səbəbdəndir ki, o növbəti semesteri də Şmalkaldendə davam etdirmək imkanı qazanıb. Aliyə 2022-ci ilin sentyabrından yenidən AKU-nun tələbələri sırasına qoşulacaq.

Murad Rzayev isə İspaniyanın Korunya Universitetindən yeni qayıdıb. Murad Turizm və Maliyyə fakültəsinin IV kurs tələbəsidir. İspaniyadakı təhsilinin öhdəsindən təkcə ingiliscə yox, həm də ispanca gəlməyə çalışan Murad təhsillə yanaşı, mədəni proqramlarda da iştirak edib.

Hal-hazırda Avstriyanın Burgenland Tətbiqi Elmlər Universitetində təhsil alan Elvina Təhməzova İqtisadiyyat fakültəsinin III kurs tələbəsidir. Elvina həmin universitetdə Azərbaycanın yeganə təmsilçisi kimi üzərinə düşən məsuliyyəti dərk edərək dərslərdə və sosial fəaliyyətlərdə yaxından iştirak etməyə, semesteri uğurla başa vurmağa çalışır.

Universitet rəhbərliyinin dəstəyi ilə Avropada təhsil almaq imkanı qazanan tələbələrimiz Avropa təhsil sistemi, eləcə də mədəniyyəti ilə daha yaxından tanış olur, yeni təcrübələrini burdakı tələbə yoldaşları ilə bölüşərək onların da inkişafına müəyyən töhfələr verə bilirlər.

Beynəlxalq əlaqələr və Təlim-tərbiyə işləri üzrə prorektor Aygün Quliyevanın uğurlu fəaliyyəti və universitet rəhbərliyinin tam dəstəyi ilə AKU tələbələri bundan sonra da xaricdə təhsil imkanlarından yararlana biləcəklər.