“Heydər Əliyev və müasir türk dünyası” mövzusunda beynəlxalq elmi-praktiki konfrans

2 may tarixində Bakının Fairmont otelində Azərbaycan Ağsaqqallar Şurası, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir türk dünyası” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Tədbirdən öncə konfrans iştirakçıları Fəxri xiyabana gələrək müasir, müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikasından, Pakistan və Gürcüstandan olan görkəmli alimlərin, ictimai-siyasi xadimlərin, eləcə də respublikamızın tanınmış alimlərinin, ziyalıların iştirakı ilə keçirilən beynəlxalq elmi konfransın plenar iclası Azərbaycan Respublikasının dövlət himnin səsləndirilməsi ilə açıq elan olunub. Ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolunu və türk dünyasının müasir əlaqələrini özündə əks etdirən videonun nümayişindən sonra konfrans öz işinə başlayıb. Konfransın təşkilat komitəsinin sədri, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev giriş nitqi ilə çıxış edərək qonaqları salamlayıb. Tədbirdə həmçinin Azərbaycan Respublikasının Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini, Erjan Mukaş, Özbəkistan Respublikasının Qəhrəman Ali Məclisinin senatoru, respublika veteranlarının ictimai fəaliyyətinin dəstəklənməsi üzrə “Nuraniy” Fondunun idarə heyətinin sədri Sodiqjon Turdiyev, Türkiyənin görkəmli yazıçısı, publisist İmbat Muğlu, Qazaxıstan Respublikası Senatorlar Şurasının üzvü, TDT Ağsaqqallar Şurasının üzvü İkram Adırbek, Qırğız Respublikasının Qəhrəmanı, Qırğız Respublikası Parlamentinin sabiq spikeri, TDT Ağsaqqallar Şurasının üzvü Medetxan Şerimkulov, Şimali Kipr Türk Respublikasının tanınmış ictimai – siyasi xadimi, görkəmli yazıçı, TDT Ağsaqqallar Şurasının üzvü Tansel Fikri, filologiya elmlər doktoru professor, Qazaxıstan Respublikasından Adil Axmet və digərləri çıxış ediblər. Natiqlər çıxışlarında görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın və türk dünyasının çoxəsrlik dövlətçilik tarixinin nadir siması olduğunu, Ulu Öndər Heydər Əliyevin yaşadığı dövrün real mahiyyətini dərindən görərək özünün aydın siyasi mövqeyi, möhkəm iradəsi və uzaqgörənliyi ilə zamanı irəli aparmaq qüdrətinə malik olduğunu vurğulayıblar. Konfransda Azərbaycanın Türk dünyası ilə əlaqələrinin qurulmasında, münasibətlərin dərinləşməsində, habelə ölkəmizdəki tolerantlıq mühiti və azərbaycançılıq ideologiyasının inkişafında Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusi qeyd edilib. Plenar iclasdan sonra konfrans bölmələr üzrə öz işini davam etdirib. Sonda bölmə rəhbərlərinin hesabatları təşkilat komitəsi tərəfindən qəbul olunub və irəli sürülən təklif və tövsiyələr nəzərə alınmaqla məruzələr, məqalələr və tezislərin toplu şəklində çap olunması qərara alınıb. Bununla da konfrans öz işini yekunlaşdırıb.