İqtisadiyyat fakültəsi






Fakültə dekanı
Elşən Əli oğlu İbrahimov – Azərbaycan Kooperasiya Universitetinin İqtisadiyyat fakültəsinin dekanı, iqtisad elmləri doktoru
İbrahimov Elşən Əli oğlu 1976-cı ildə Tovuz rayonunun Ağacqala kəndində anadan olub. 1993-cü ildə orta məktəbi bitirərək Azərbaycan Kooperasiya İnstitutuna daxil olmuş, 1997-ci ildə təhsilin bakalavr pilləsini, 1999-cu ildə magistratura pilləsini “Maliyyə və kredit” ixtisası üzrə bitirərək elə həmin ali məktəbdə elmi-pedaqoji fəaliyyətə başlamışdır.
2007-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda “İstehsalın inkişafında dövlət büdcəsinin tənzimləyici və stimullaşdırıcı rolunun artırılması yolları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almış, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülüb. 22 iyun 2022-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda 5307.01 “İqtisadi nəzəriyyə” ixtisası ilə iqtisad elmləri üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “İqtisadiyyatın davamlı inkişafının maliyyə mənbələrindən səmərəli istifadənin konseptual əsasları” mövzusunda dissertasiya müdafiə etmişdir. E.Ə.İbrahimov 1999-cu ildən Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə” kafedrasında laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, 2010-cu ildən “Qiyabi” şöbənin müdir müavini vəzifəsində işləmiş, 2013-cü ildən isə “İqtisadiyyat” fakültəsinin dekanı vəzifəsinə seçilmişdir. O, 1 monoqrafiyanın, 5 dərslik və dərs vəsaitinin, 100-dən çox elmi məqalə, tezis və tədris proqramının müəllifidir. Ailəlidir, 3 övladı var.
Fakültə Haqqında
“İqtisadiyyat” fakültəsi 2010-cu ildə “Gömrük işinin təşkili” fakültəsinin bazasında yaradılmışdır.
Fakültəyə ümumi rəhbərlik dekanın rəhbərlik etdiyi fakültə Elmi Şurası tərəfindən həyata keçirilir. Fakültə Elmi Şurası fakültədə mütəxəssis hazırlığına, fakültənin elmi-tədqiqat fəaliyyətinə və kafedraların maddi-texniki təminatı məsələlərinə baxır, tədris planlarının və proqramların, tədris metodiki və elmi tədqiqat işləri haqqında hesabatların, kafedraların iş planlarının, tədris və istehsalat təcrübəsinin yekunlarını müzakirə edir, kafedralarda çalışan professor-müəllim heyətinə Elmi adların verilməsi üçün Universitetin Elmi Şurası qarşısında məsələ qaldırır, tələbələrin elmi-tədqiqat işlərinin vəziyyətini müzakirə edir, dekanın hesabatını dinləyir və s. vəzifələri həyata keçirir.
“İqtisadiyyat” fakültəsinin dekanlığında dekan, dekan müavini, metodist və operator çalışır. Dekan fakültə Elmi Şurasına rəhbərlik edir, tədris-tərbiyə işlərinə və elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbərlik edir, tələbələrin müstəqil işlərinə nəzarəti təşkil edir, onların elmi fəaliyyəti üçün şərait yaradır, imtahan prosesinin obyektiv, şəffaf və mövcud tələblərə uyğun keçirilməsinə məsuliyyət daşıyır. Fakültədə çalışan professor-müəllim heyətinin ixtisasının artırılması, yenidən hazırlanması işinə, elmi konfransların və seminarların keçirilməsinə, fakültədə olan bütün tədris-köməkçi heyətin işinə nəzarət edir.
Fakültədə Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar Təşkilatı fəaliyyət göstərir. Bu təşkilatların nüfuzu fakültədə çox böyükdür. Fakültənin tələbələrinin uğurları da sevindiricidir. Belə ki, onlar Universitetdaxili və Respublika səviyyəli tədbirlərin fəal iştirakçılarıdır. Həmçinin əla və yaxşı oxuyan tələbələrin bir hissəsi müxtəlif illərdə təhsillərinin bir hissəsini Moskva, Moldova, Poltava Kooperasiya Universitetlərində davam etdirmişlər
Fakültədə təhsil alan tələbələrin sayı: 332
Fakültədə dərs tədris edən müəllimlərin sayı: 35 (35 müəllim elmlər namizədi, dosent)
Fakültə üzrə illik dərs yükü: 6732 saat
Ixtisas kodu
050405 – İqtisadiyyat
050403 – Davamlı inkişafın idarə edilməsi
050504 – Ekologiya
050606 – Ekologiya mühəndisliyi
Fakültənin tərkibində olan Kafedralar
“İqtisadiyyat və vergi işi” kafedrası
“Statistika və gömrük işi” kafedrası
“Ekologiya və coğrafiya” kafedrası
“Mülki müdafiə və HFT” kafedrası
Ünvan
V mərtəbə, otaq 516
