Tədris şöbəsi



Vahid Vaqif oğlu Gərayev – Azərbaycan Kooperasiya Universitetinin Tədris şöbəsinin müdiri

Vahid Vaqif oğlu Gərayev 12 avqust 1975-ci ildə Şamaxı rayonunun Qaleybuğurd kəndində anadan olmuşdur. 1992-ci ildə Qaleybuğurd kənd orta məktəbini bitirib, Moskva Kooperativ İnstitutunun Bakı filialına (indiki Azərbaycan Kooperasiya Universitetinə) “Aqrar-sənaye kompleksi sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə daxil olmuş, 1996-cı ildə ali məktəbi müvəffəqiyyətlə bitirmişdir.

2001-ci ildən Azərbaycan Kooperasiya Universitetində “Tədris şöbəsi”nin inspektoru vəzifəsində çalışmaqla yanaşı 2004-cü ildən etibarən “İqtisadi nəzəriyyə” kafedrasında elmi-pedaqoji fəaliyyətə başlamış, hal-hazırda həmin kafedranın dosentidir.

Vahid Gərayev 2012-2015-ci illərdə “İdarəetmə” fakültəsində, 2015-2018-ci ildə “Dünya iqtisadiyyatı və kommersiya”fakültəsində dekan müavini, 2018-2020-ci ildə Bakı Biznes və Kooperasiya Kollecində “Biznes və idarəetmə”şöbəsinin müdiri,2020-ci ildən isə Azərbaycan Kooperasiya Universitetinin “Tədris Şöbəsi”nin müdiri vəzifəsində çalışır.

Vahid Gərayev 2012-ci ildə “Qloballaşma şəraitində aqrar bazarın inkişafı və idarə edilməsinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür. O, 1 dərs vəsaitinin, 1 metodik vəsaitin,30-dan çox elmi məqalə,tezis və tədris proqramlarının müəllifidir.
Ailəlidir, 2 övladı var.


Azərbaycan Kooperasiya Universitetinin Tədris şöbəsi, Rektorun 1993-cü il 6 mart tarixli 38 saylı əmrinə əsasən yaradılmış,tədris prosesinin,onun maddi və metodiki təminatının planlaşdırılması və təşkilinə rəhbərlik, əlaqələndirmə və nəzarət funksiyasını yerinə yetirən struktur bölmədir.

Tədris şöbəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununu, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını, Universitetin Nizamnaməsini, Universitet Elmi Şurasının qərarlarını, “Tədris şöbəsi haqqında Əsasnamə”ni, habelə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, digər mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını və elmi-metodiki tövsiyyələrini rəhbər tutur.

Tədris şöbəsinin əsas vəzifəsi tədris prosesinin səmərəliliyini yüksəltməkdir.Bu istiqamətdə Universitetin bütün fakültələri, kafedraları və digər struktur bölmələri ilə əlaqəli fəaliyyət göstərir və mütəmadi olaraq yerinə yetirilən işlər haqqında rəhbərliyə hesabatlar təqdim edir.