Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin razılığı, Azərbaycan Kooperasiya Universiteti və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən layihədə məqsəd 10-11-ci sinif şagirdlərini universitetlə daha yaxından tanış etməkdir. Eyni zamanda, ixtisas seçimində çətinlik çəkən şagirdlərə düzgün məsləhət vermək, onların ixtisas fənlərində dinləyici qismində iştirakına şərait yaratmaqdır. Tələbə və universitet həyatını şagirdlər üçün əyani təqdim edən layihənin ilk günündə 300-ə yaxın, ümumilikdə 6 orta məktəbi əhatə edən şagirdlər iştirak edib.

Açılış günündə Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva çıxış edib. Universitetin qonaqlarını, müəllim və şagirdləri salamlayan A. Quliyeva tədbirin mahiyyəti barəsində geniş məlumat verib. O, bildirib ki, “Bu gün və qarşıdakı iki gün ərzində keçiriləcək layihə yüzlərlə gəncin marağına səbəb olacaq. Həqiqətən, yuxarı sinif şagirdlərinin məhz universitetlərlə əyani tanışlığı üçün bu qəbildən olan görüşlərin keçirilməsi olduqca zəruridir”. Azərbaycan Kooperasiya Universitetinin tarixi, fəaliyyəti və gələcək inkişaf strategiyası haqqında danışan natiq vurğuladı ki, “Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır. Bütün bunları rəhbər tutan universitetimiz daim özünü inkişaf etdirmək üzərində çalışır”. 
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov da çıxış edərək “Bir gün tələbə olmaq fürsəti” adlı layihənin kifayət qədər əhəmiyyətli olduğunu və təşəbbüslə çıxış etdiyi üçün Azərbaycan Kooperasiya Universitetinə təşəkkürünü bildirib. N. Novruzov bilidirib ki, “Azərbaycanda təhsil sahəsində görülən işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbəb verir. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır. Bir sözlə, dövlətin təhsil sisteminin inkişafı prosesinə mütəmadi və yüksəksəviyyəli diqqətinin nəticəsində bu sektor da keyfiyyətcə yeni və ardıcıl inkişaf müstəvisinə qədəm qoyub. Beləliklə, Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır. Siz gənclər isə xoşbəxtsiz ki, sizin təhsil aldığınız dövr məhz müasir dövrümüzə təsadüf edir”.
Sonra Universitetin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev, Mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov, universitetin fəal gəncləri və şagirdlər çıxış etdilər. 
Sonda layihə iştirakçılarını maraqlandıran suallar cavablandırıldı. Qeyd edək ki, layihə ümumilikdə 3 gün davam edəcək.