25 fevral 2019-cu il tarixində Azərbaycan Kooperasiya Universitetində universitet rəhbərliyinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirildi. Əvvəlcə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Mühasibat uçotu və saneyinin təşkili fakültəsinin dekanı, Xocalı faciəsinin şahidi Nizami Qafarov, İstehlak mallarının ekspertizası kafedrasının əməkdaşı, faciədə həyat yoldaşını itirmiş Təranə Əliyeva, İdarəetmə fakültəsinin dekanı Nadir Kərimov və universitetin Mətbuat xidmətinin rəhbəri, Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov çıxış etdilər. Çıxışlarda vurğulandı ki, “Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. XX əsrin ən amansız, xüsusi qəddarlıqla həyata keçirilmiş faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Bildirildi ki, Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində erməni terrorçularının xalqımızın başına gətirdikləri məkirli əməllər dünya ictimaiyyətinin diqqətinə çatdırılır, bu faciənin layiqli hüquqi qiymətini tapması məqsədilə böyük işlər görülür. Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası dünya ictimaiyyətinin faciə ilə bağlı məlumatlandırılmasında mühüm əhəmiyyət kəsb edir. Sonda Heydər Əliyev Fondu tərəfindən hazırlanan “Xocalı qətliamı” adlı film nümayiş olundu.